Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova noyabrın 19-da Ağcabədi rayonunda Laçın, Beyləqan, Xocavənd, Füzuli, Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad olunub.Daha sonra sədr müavini rayonunun fəal qadınlarının bir qrupu ilə görüşüb. Görüşdə Sədaqət Qəhrəmanova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda, qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular ətrafında müzakirələr aparılıb.
Qəbulda qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, boşanmaların yaratdığı problemlər və sair kimi məsələlərlə bağlı müraciətlərə baxılıb. Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.