Dövlət Bayrağı Günü münasibətilə Heydər Əliyev Mərkəzində “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirilib.
Dövlət Bayrağı günü münasibətilə 08 noyabr 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ağcabədi rayon Dövlət Rəsm Qalareyasının və Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycanın tarixi bayraqlarını özündə əks etdirən fotolardan, kitab, qəzet və jurnallardan, əl işlərindən və rəsmlərdən ibarət “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı sərgi ilə tanış oldular.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra, Bayraq günü münasibətilə mərkəzdə keçirilən silsilə tədbirlər haqqında ətraflı məlumat verdi. Bayraq gününün tarixi barədə də ətraflı məlumat verən natiq bildirmişdir ki, hamımız əminik ki, “Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi, qürur mənbəyimiz olan bayrağımız tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacaqdır!”.
Sonra mərkəzin əməkdaşı Rövşanə Əliyeva “Əbədi ucalan bayrağımız” adlı məruzə ilə çıxış etdi. Daha sonra məruzə ətrafında çıxışlara başlanıldı.
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Cavid İsmayılov, YAP Ağcabədi rayon Təşkilatı Gənclər Birliyinin üzvü, şəhər 9 saylı tam orta məktəbin nümayəndəsi Səbinə Nəsirova, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova bayrağımızın keçdiyi tarixi yola qısa nəzər salaraq bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ölkə başçısının bu Sərəncamı dövlət rəmzlərinə hörmət və ehtiramın ən bariz ifadəsidir.
Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəqs” kursunun üzvlərinin ifasında hazırlanmış “Bayraq”, “Şən Azərbaycan” və “Ağ çiçəyim” rəqs nömrələri tədbirə daha da rəng qatdı.
Sonda Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan bayrağının keçdiyi tarixi yol” adlı sənədli filmin nümayiş olundu.