Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

“18 Sentyabr – Milli Musiqi Günü” münasibətilə ümumrayon bayram tədbiri keçirilib.

18 sentyabr 2025 | 15:52
Sentyabın 17-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə “18 Sentyabr – Milli Musiqi Günü” münasibətilə ümumrayon bayram tədbiri keçirilib. Yaqub Məmmədovun adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları, YAP Ağcabədi rayon təşkilatı, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi, şəhid ailələri, rayon ictimaiyyəti, “N” saylı hərbi hissənin əsgər və zabitləri, habelə muğam-musiqisevərlər iştirak ediblər.
Öncə mərkəzin foyesində MKS-nin təşkil etdiyi sərgilərə baxış keçirilib.
Tədbirin aparıcısı, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mədəniyyət Mərkəzinin direktoru Turanə Şıxəliyeva tədbiri açıq elan etdikdən sonra dahi bəstəkar Üzeyir bəyə məxsus olan Dövlət Himnimiz səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və Qarabağ Regional Mədəniyyət idarəsinin rəisi Aydın Bəşirov öz çıxışlarında qeyd ediblər ki, doğma Ağcabədidə dünyaya göz açan bəstəkar dünya musiqisinə olduqca qiymətli və tükənməz xəzinə bəxş edib. Şərqdə ilk operanın müəllifi olan korifey sənətkar musiqi dünyasının zirvəsini fəth eləmiş, Azərbaycan musiqisini yüksəklərə qaldırmışdır. Milli musiqi sənətimizin qızıl imzalı korifeyi Üzeyir bəyin nuru, ziyası Azərbaycan musiqi sənətini bundan sonra da əbədi olaraq işıqlandıracaqdır. Nə qədər Azərbaycan musiqisi, muğamı var – Üzeyir bəy də var! Nə qədər Azərbaycan operası var, Azərbaycan səhnəsi var, bütölükdə Azərbaycan xalqı var.
Bundan sonra Qarabağ Regional Mədəniyyət idarəsinin tabeliyində olan Ağcabədi, o cümlədən Ağdam, Tərtər və Bərdə musiqi kollektivlərinin ifasında əksəriyyəti Üzeyir bəyin repertuarından olan ölməz əsərlərdən ibarət rəngarəng konsert proqramı təqdim olunub. İfa olunan əsərlər, opera və musiqili komediyalardan hazırlanmış səhnələr, rəqslər tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.
Sonda bir qrup fəal mədəniyyət işçisi Qarabağ Regional Mədəniyyət idarəsinin rəisi Aydın Bəşirov tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif olunub.
Keçidlər