Ağcabədidə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə hazırlıq işləri görülür
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsü şairin irsinin daha geniş təbliğinə və xatirəsinin əbədiləşdirilməsinə böyük töhfədir. Əkiləcək ağaclar, salınacaq bağlar, parklar ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcək.
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın bütün bölgələrində, o cümlədən Ağcabədi rayonunda da böyük rəğbətlə qarşılanıb və hazırda bu təşəbbüsə ciddi hazırlıq işləri görülür.
Ağacların Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən 74-121 kilometrlik və Ağcabədi-Ağdam avtomobil yolunun Boyat və Sarıcalı kəndlərinə qədər olan hissəsində əkilməsi nəzərdə tutulur. Artıq ağacların əkiləcək ərazilərində şum işləri aparılıb, arxlar çəkilib, çalalar qazılıb. Sahələrə peyin verilərək əkinə hazırlanıb. Ağcabədi rayonu ərazisində yerli şəraitə uyğun 17 min ədəd həmişəyaşıl və meşə ağacları əkiləcək.
Ağcabədi sakinləri rayon ərazisində yaşıllığın artmasına töhfə verəcək bu nəcib təşəbbüsə həvəslə qoşulublar. Rayon sakini Aqil İsmayılov deyib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə 650 min ədəd ağac əkilməsi ilə bağlı nəcib təşəbbüsü ekoloji mühitin yaxşılaşdırılmasına yönəlib. Mən də bir Ağcabədi sakini kimi bu təşəbbüsə həvəslə qoşulmuşam. Hazırda ağacların əkilməsi üçün hazırlıq işləri aparırıq. Ağaclar gələndə onların əkilməsində iştirak edəcəyəm”.