15 Oktyabr Ümumdünya Kənd Qadınları Günüdür!
Bu günü qeyd etmək üçün Azərbaycan Kənd Qadınları Assosiasiyası ölkənin 14 rayonunda fəaliyyət göstərən 32 Qadın İnkişaf və Müəssisə Qrupu nümayəndələrini bir araya gətirdi. Ölkədə ilk dəfə 200 kənd qadınının iştirakı ilə keçirilən bu möhtəşəm tədbir Ağcabədi rayon "Qızılsaray" şadlıq sarayında baş tutdu. Tədbirin birinci hissəsində qadınların istehsal etdiyi məhsulların sərgisi böyük marağa səbəb oldu, çünki iştirakçılar ölkənin müxtəlif bölgələrindən olan yerli məhsulları sərgiləyirdilər. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva qonaqları salamladıqdan sonra Azərbaycan Kənd İnvestisiya Layihəsinin 2012-2017-ci illərdə Ağcabədi rayonunda həyata keçirdiyi icma infrastruktur layihələr və 2018-2019-cu illərdə Azərbaycan Kənd Qadınları Assosiasiyası tərəfindən yaradılan Qadın İnkişaf və Müəssisə Qrupları haqqında məlumat verdi.
Daha sonra kəndin sosial həyatında və idarə etdikləri bizneslərdə uğur qazanan qruplar Assosiasiya tərəfindən təltif olundu. İndiyə qədər sosial şəbəkələrdə, xüsusilə də özlərinin whattsapp qrupunda fəal olan qadınlar bu gün əyani olaraq görüşüb bir-birinin məhsulları ilə tanış olmaq və müzakirələr aparmaqdan çox məmnun oldular.
Assosiasiyanın Sədri Gülbəniz Qənbərova öz çıxışında Qadın Qruplarının üzləşdiyi çətinlikləri vurğuladı və bildirdi ki, Azərbaycan Hökuməti və Dünya Bankının dəstəyi ilə icra olunan AzKİL layihəsi çərçivəsində yaranmış və təşkilatlanmış qadın qrupları üçün Qadın Özünə-kömək Qrupu modelinin ikinci və üçüncü mərhələləri olan mikromaiyyə savadlılığı və bazara çıxış fəaliyyətdə olan 38 Qadın İnkişaf və Müəssisə Qrupu üçün vacib və qaçılmazdır.
Tədbir iştirakçıları Qadın, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Rəhbəri xanım Hicran Hüseynova və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Əlaqələndiricisi cənab Qulam İsaczainin Ümumdünya Kənd Qadınları Günü münasibəti ilə onlara ünvanladığı təbrik məktublarını, eləcə də Dünya Bankının əməkdaşı Tara Şarafudin və Hindistanda fəaliyyət göstərən “Ailənin çiçəklənməsi” Dövlət Proqramının Direktoru cənab Harikişorun göndərdiyi video təbriklərini həyəcanla izlədilər.