Ağcabədi rayonunda “20 yanvar” faciəsinin anım günü keçirilmişdir.
20 yanvar 2013-cü il tarixdə saat 11:00 –da Ağcabədi rayonu Şəhidlər Xiyabanında və Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində 20 Yanvar faciəsinin 24 – cü ildönümü münasibəti ilə tədbir keçirilmişdir.
Əvvəlcə Şəhidlər Xiyabanında Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur. Sonra Rayon Icra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov , hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti “20 Yanvar” abidəsi önünə, 1941-1945-ci illər II dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirə kompleksi önünə və Qarabağ müharibəsi şəhidlərinini qəbirləri üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər.
Tədbir Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində davam etmişdir.
Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq çıxış etmiş və bildirmişdir ki, Sovet imperiyası 20 yanvar 1990-cı ildə öz azadlığı, öz dövlətinin sahibi kimi yaşamaq, müstəqil həyat sürmək uğrunda mübarizə aparan xalqımıza qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməllərini törətmişdir. 24 il əvvəl o qanlı yanvar gecəsi xalqımız babalardan qalma qəhrəmanlıq ənənəsini dünyaya yenidən göstərdi. Yurdumuzun oğul və qızları müstəqilliyimiz, azadlığımız, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldılar. Bu qanlı faciə Sovet imperiyasının cinayətkar rəhbərliyinin xalqımızı müstəqil yaşamaq əzminə görə cəzalandırmaq, onu sarsıtmaq və azadlıq ideyasından əl çəkməyə məcbur etmək üçün həyata keçirdiyi ağır cinayət əməli idi. O müdhiş gecədə baş verən dəhşətli cinayət hər bir Vətən övladının qəlbini göynədir. Həmin gecə bir neçə istiqamətdən sovet qoşunları Azərbaycanın döyünən ürəyi olan Bakıya yeridildi. Qoşunlar yerləşən istiqamətlərdə təsadüfən yoldan keçən piyadalar, avtomobillə gedənlər, evində ailəsinin, uşağının yanında olanlar gülləbaran edildi.
Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov çıxış edərək həmin faciəli günlərdə həmyerlimiz olan Faiq Əlizadənin şəhid olduğunu bildirərək, onun xatirəsinin daima ağcabədililərin yaddaşlarından silinməyəcəyini nəzərə çatdırmışdır.
Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov daha sonra çıxışında həmin faciəli günlərdə fədakarlıq göstərmiş Azərbaycan xalqının dahi oğlu Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin 20 yanvar faciəsinin səhəri günü həyatı üçün hər an yarana biləcək təhlükədən çəkinməyərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək orada mətbuat konfransı keçirməsindən və xalqımızın dərdinə şərik olduğunu bildirməsindən danışmışdır.
Tədbirdə Moskva şəhərinin Azərbaycan nümayəndəliyində Ulu Öndərimiz Heydər Əliyevin keçirdiyi mətbuat konfransına aid sənədli film göstərilmişdir
Tədbirin sonunda Ağcabədi şəhər məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Tədbirdə 7500 nəfər rayon sakini iştirak etmişdir.