Ağcabədi rayonunda bütün məktəblərdə "Bilik günü" qeyd edildi.
15 sentyabr yeni tədris ilinin başlanması - Bilik günü respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunda da qeyd olundu.Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 15 sentyabr - bilik günü münasibəti ilə Ağcabədi şəhər Məmməd Aranlı adına 11 saylı tam orta məktəbdə olub, məktəbin müəllim, şagird kollektivi və valideynlərlə görüşüb. Şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edən Şahin Məmmədov Azərbaycanda həyata keçirilən təhsil siaysətindən söz açıb, görülən işlərdən, əldə olunan naliyyətlərdən danışıb.Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın hər bir guşəsində yeni məktəblərin tikilərək istifadəyə verildiyini qeyd edən başçı bildirib ki, təhsil səviyyəsinin daha da yüksəldilməsi dövlətin qarşıya qoyduğu əsas hədəflərdən biridir.Ağcabədi məktəblərinin də uğurlarının günü-gündən artdığını vurğulayan natiq bildirib ki, bu il rayon məktəblərini bitirən məzunların 453 nəfəri ali təhsil ocaqlarına qəbul olub.Natiq onu da qeyd edib ki, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, rayonumuzun şagirdləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarda yüksək nəticələr əldə edirlər. Daha sonra birinci sinfə qədəm qoyan şagirdləri bir daha təbrik edib, onlara uğurlar arzulayıb. Şahin Məmmədov məktəblilərə elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyə edib.
Çıxış edənlər ölkəmizdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, respublikamızda, o cümlədən, Ağcabədi rayonunda təhsilə göstərilən diqqət və qayğıdan, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışıblar.
Müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.