Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədinin Salmanbəyli kəndində yeni inşa edilən məktəb binası istifadəyə verilib

12 sentyabr 2019 | 11:00

   12.09.2019-cu il tarixdə saat 13:00-da Ağcabədi rayon Salmanbəyli  kəndində  yeni inşa edilən 432 şagird yerlik tam orta məktəb binası istifadəyə verildi.

  Rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin və şagirdlərin iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva iştirak etmişdir.

  Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov  kənd sakinlərini təbrik edərək, ölkənin hər bir yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Şahin Məmmədov təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib, pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə, onları ulu öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləyib.
Daha sonra kənd sakinlərini salamlayan Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət xanım Vəliyeva vurğulayıb  ki,son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modeli dayanır. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlayıb. Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Ən əsası isə milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoyub və buna da nail olub.
  Milli Məclisin deputatı Tahir Rzayev tədbirdə çıxış edərək, müəllim, şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.

  Məktəbdə tarix, coğrafiya, xarici dil, Azərbaycan dili, ədəbiyyat, biologiya, riyaziyyat, informatika, fizika, kimya, hərbi hazırlıq, əmək təlimi kabinələri, sinif otaqları, laboratoriyalar, kitabxana, akt zalı, bufet və s. otaqlar yaradılıb. Həyətdə geniş abadlıq işləri aparılıb, idman meydançaları inşa edilib. Təhsil ocağı ən müasir inventar və avadanlıqlarla təmin olunub.

  Açılış mərasimində çıxış edən müəllim və şagirdlər, eləcə də kənd sakinləri təhsilə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

  Sonda mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

 

Keçidlər