“Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir”
Avqustun 31-də Ağcabədi Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon ziyalıları, rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi RİHB-nın birinci müavini,Dini işlər üzrə komissiyanın sədri Rövşən Əhmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən natiq bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd edib.
Çıxış edən natiqlər qeyd ediblər ki, öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır.
Tədbirdə eyni zamanda məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.