Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət Ağcabədidə özəl sektorun inkişafını sürətləndirmişdir
Ağcabədi, 13 yanvar (AzərTAc). Respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa dövlət dəstəyinin artırılması nəticəsində ölkənin hər yerində davamlı sosial-iqtisadi tərəqqiyə nail olunmuşdur. Ölkə iqtisadiyyatının dinamik inkişafında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası müstəsna rol oynayır.
Aparılan uğurlu iqtisadi siyasət nəticəsində respublikanın digər regionlarında olduğu kimi, Ağcabədi rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlmiş, sahibkarlığın inkişafında uğurlar qazanılmış, kənd təsərrüfatı, qida və sənaye məhsulları istehsalına yönəldilən investisiyaların həcmi çoxalmış, yeni istehsal, emal və xidmət obyektləri tikilmiş, yeni iş yerləri açılmışdır. Rayonda özəl sektorun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafı sürətləndirməklə məhsul istehsalını artırmış, bir sıra ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə imkan yaratmışdır.
Rayonda özəl sektorun və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsində genişmiqyaslı güzəştli kreditlərin verilməsi mühüm rol oynayır. Son 10 ildə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 392 sahibkara 24,1 milyon manat güzəştli kredit verilmişdir. Hazırda rayonda iqtisadiyyatın bütün sahələri üzrə 4460-dan çox sahibkarlıq subyekti fəaliyyət göstərir.
Sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsidir ki, son illərdə Ağcabədi rayonunun Ağabəyli kəndində 250 ton sutkalıq istehsal gücünə malik “Atena” süd emalı kombinatı, 5000 ton tutumu olan taxıl anbarı, 3000 başlıq “Aqat-aqro” iribuynuzlu heyvandarlıq kompleksi, “Gilan Holdinq” şirkətinə məxsus, sutkalıq istehsal gücü 20 ton olan süd zavodu, Xocavənd kəndində illik istehsal gücü 18 min ton olan ət kəsimi kombinatı, Aşağı Avşar kəndində tutumu 1000 ton olan soyuducu anbar kompleksi kimi iri həcmi müəssisələr istifadəyə verilmiş, ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı yaradılmışdır.
Hazırda Rəncbərlər kəndində tutumu 5000 ton olan soyuducu anbarın, Ağcabədi şəhərində illik 7,3 min ton istehsal gücünə malik çörək zavodunun tikintisi davam etdirilir, Cəfərbəyli kəndində ölkədə ilk böyük keçi təsərrüfatı formalaşdırılır. Bundan əlavə, rayonda sahibkarlar tərəfindən dekorativ plitə istehsalı, plastik və alüminium materiallardan qapı və pəncərə sexləri, mebel, beton istehsalı müəssisələri, qum-çınqıl karxanaları da yaradılmışdır.
Respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə atılan mühüm addımlardan biri Ağcabədi və Beyləqan rayonları ərazisində 4800 hektar sahədə ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatının yaradılmasıdır. “Qarabağ-Taxıl” MMC tərəfindən yaradılan təsərrüfatın fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən ərazidə lazımi infrastruktur yaradılmış, meliorasiya-irriqasiya işləri, yolların çəkilməsi və enerji təminatı həyata keçirilmişdir. Burada süni yağışyağdırma sistemi quraşdırılmış, təsərrüfatdaxili hərəkət yolları, yeraltı su və elektrik xətləri çəkilmişdir. Əkinə hazırlıq, səpin, becərmə və itkisiz məhsul yığımının təmin edilməsi üçün əraziyə xaricdən müasir texnika və aqreqatlar, taxılbiçən kombaynlar gətirilmişdir. Əraziyə müasir texnika və aqreqatlar vasitəsilə mineral və üzvi gübrələr verilmiş, yüksək reproduksiyalı toxum gətirilərək buğda, qarğıdalı, günəbaxan və soya becərilmiş, istehsalda yüksək məhsuldarlığa nail olunmuşdur.
Rayonda sahibkarlığa dövlət qayğısının təzahürü olaraq yaradılan istehsal müəssisələrdən biri “Atena” süd emalı kombinatıdır. 2011-ci il mayın 6-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş və həmin vaxtdan da istehsala başlamış bu nəhəng müəssisənin gündəlik emal gücü 250 tondur. Layihənin gerçəkləşməsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən istifadə olunmuşdur. Layihənin həyata keçirilməsi üçün dünyanın lider şirkətləri ilə əlaqə qurulmuş və müqavilələr bağlanmışdır. Dünya süd texnologiyasında istifadə olunan ən yüksək standartların tətbiq edildiyi kombinatda mükəmməl laboratoriya sistemi qurulmuşdur ki, burada 108 növ laborator təhlil və analiz aparmaq mümkündür.
Müəssisə süd istehsalında tamamilə yeni “ESL” adlanan texnologiya ilə işləyir. Yaxın vaxtlarda burada orqanik süd məhsullarının istehsalı da nəzərdə tutulur. Hazırda kombinatda “Atena” markası ilə 50-dək çeşiddə süd məhsulları istehsal olunur. Həmin məmulatlar paytaxt Bakıda və respublikanın bütün bölgələrində yüksək keyfiyyəti ilə əhalinin rəğbətini qazanmış və geniş alıcılıq qabiliyyətinə görə qonşu dövlətlərdən gətirilən tanınmış süd brendlərinin mövqelərini zəiflətmişdir.
“Atena” süd kombinatının fəaliyyətə başlaması Ağcabədi rayonunda kəndli təsərrüfatının da inkişafına təkan vermişdir. Təsadüfi deyildir ki, öz məhsullarını maneəsiz və əlverişli qiymətə satmaqda marağı olan kiçik fermerlər təsərrüfatlarını genişləndirmişlər ki, bu da əhalinin rifahının yaxşılaşdırılması üçün mühüm amillərdən birinə çevrilmişdir. Ağcabədidə və qonşu rayonların kəndlərində yaradılmış süd qəbulu məntəqələrində hər gün 2 mindən çox ailə-kəndli təsərrüfatından 30 tondan artıq süd qəbul edilir.
Prezident İlham Əliyevin “Atena” süd kombinatının açılış mərasimindəki tövsiyələrinə uyğun olaraq Ağabəyli kəndində 3 min başlıq heyvandarlıq kompleksi yaradılmışdır. İribuynuzlu heyvandarlıq kompleksi müasir ferma avadanlığı – avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq, soyutma sistemi və s. ilə təchiz edilmişdir. Kompleksdə istehsal edilən süd “Atena” süd kombinatının xammala tələbatının təmin edilməsində mühüm rol oynayır.
Ağcabədi rayonunda sahibkarlar tərəfindən həyata keçirilən ən iri layihələrdən biri də Cəfərbəyli kəndində yaradılan ölkə üzrə ilk böyük keçi təsərrüfatıdır. Tikintisi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan müəssisə “BMS Aqro” MMC tərəfindən yaradılır. Ümumilikdə 8 ferma, sağım və yem sexindən ibarət olacaq 4000 başlıq keçi təsərrüfatında artıq 6 ferma və ofis istifadəyə verilmiş, sağımxananın inşası başa çatmışdır. Daha 2 fermada tamamlanma işləri aparılır. Təsərrüfat ən müasir ferma avadanlığı – avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 72 baş keçinin sağılmasına imkan verən paralel tipli sağım sistemi və s. ilə təchiz edilmiş, işçilərin çalışmaları və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hollandiya və Fransadan məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik “SAANEN” və “Alpin” cinslərindən olan 1330 baş keçi gətirilmişdir. Yaxın günlərdə daha 800 baş keçi alınacaqdır.
Göründüyü kimi, sahibkarlığa göstərilən dövlət qayğısı nəticəsində bölgələrdə özəl sektorun inkişafı üçün əlverişli mühit formalaşmışdır. Regionlarında sahibkarlar tərəfindən iri istehsalat müəssisələrinin yaradılması ölkədə uğurla reallaşan iqtisadi siyasətin məntiqi nəticəsidir.