“ Azərbaycan, İran və Kamerun üçün destinasiya menecment təşkilatı konsepsiyası” adlı layihənin həyata keçirilməsi məqsədi ilə Ağcabədi rayonunda görüş keçirilmişdir.
25 iyul 2019-cu il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin ( COMCEC) 6-cı qrant layihə maliyyələşməsi çərçivəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “Azərbaycan, İran və Kamerun üçün destinasiya menecment təşkilatı konsepsiyası” adlı layihənin həyata keçirilməsi məqsədi ilə layihənin eksperti Cenk Dəmiroğlu və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsi Azər Orucov yerli turizm subyektlərinin nümayəndələri ilə görüş keçirmişdir.
Görüşdə Ağcabədi RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayev, Ağcabədi Regional Mədəniyyət idarəsinin rəisi Rza Quluyev, və digər turizm subyektlərinin nümayəndələri iştirak etmişdir.
Görüşün məqsədi sözügedən layihə çərçivəsində Azərbaycanın Aran bölgəsində, o cümlədən Ağcabədi rayonunda destinasiya menecment təşkilatının yaradılması ilə bağlı tədqiqatın aparılması və bölgədə mövcud olan turizm potensialı ilə tanışlıqdan ibarət idi.
Bu məqsədilə layihə iştirakçıları “ Ağgöl” Milli Parkında, Qarabağ Atçılıq Kompleksində olmuş və bu yerlərin turizm imkanları ilə yaxından tanış olmuşlar..