Ağcabədinin 4 kəndində yol infrastrukturu yenidən qurulur
Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yolların yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.
Respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da yol infrastrukturu yaxşılaşdırılır. Hazırda rayonun Boyat, Qaraxanlı, Hacılar və Biləyən kəndlərini, həmçinin bu yaşayış məntəqələrini Ağdam-Hindarx-Ağcabədi magistral avtomobil yolu ilə birləşdirən yolların tikintisi davam etdirilir. Kəndarası küçələr də asfaltlanır.
4 kənd üzrə ümumilikdə 18 kilometr yola asfalt örtük salınması nəzərdə tutulub. Tikinti işləri çərçivəsində çınqıl materialından istifadə etməklə yol yatağı inşa olunub. Yola müxtəlif yerlərdə su keçidi üçün 64 ədəd müxtəlif diametrli boru qoyulub. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. İki laydan ibarət asfalt-beton örtüyünün ümumi qalınlığı 12 santimetr olacaq. Artıq 14 kilometrdə birinci qat asfalt örtüyün döşənməsi həyata keçirilib. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib. Yolboyu 5 dayanacaq qoyulacaq, zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq. Yolun tikintisinin qısa vaxt ərzində başa çatdırılması nəzərdə tutulur.