Ağcabədi rayonunda “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir.
30 dekabr 2013- cü il tarixdə saat 16:00 –da Ağcabədi rayon Y.Məmmdəov adına Rayon Mədəniyyət Evində “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov çıxış edərək, “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və qarşıdan gələn Yeni il münasibəti ilə bütün rayon ictimaiyyətini rayon rəhbərliyi adından təbrik etdi və onlara Azərbaycan dövlətçiliyinin inkişafında, qorunmasında hər zaman vətənə layiqli vətəndaş olmağı və gözəl günlər görməyi arzuladı. Əbülfət Tapdıqov çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü” - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Məhz buna görədir ki, Ulu öndər Heydər Əliyev 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyərkən, dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
Çıxışlarda azərbaycançılıq ideologiyasının dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmış, 31 dekabr gününün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və həmvətənlərimiz tərəfindən əziz bayram kimi qeyd edilməsi milli birliyimizin təntənəsi kimi qiymətləndirilmişdir.
Tədbir rayonun musiqi kollektivlərinin hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir.
Tədbirdə 350 nəfər iştirak etmişdir.