Ağcabədidə Nəsimi ili çərçivəsində bədii qiraət müsabiqəsi keçirilmişdir.
İyun ayının 12-də Azərbaycan ədəbiyyatında ictimai- fəlsəfi şerləri ilə xüsusi yer tutan, klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında bədii qiraət müsabiqəsi keçirilmişdir.
YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov müsabiqəni açıq elan edərək, bildirmişdir ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə 2019-cu il Nəsimi ili elan edilmişdir. Sərəncamla əlaqədar Respublikamızın hər yerində dahi şair Nəsimiyə həsr edilmiş müxtəlif tədbirlər keçirilir.
YAP Ağcabədi rayon təşkilatının keçirdiyi bədii qiraət müsabiqəsi rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilir və müsabiqədə Nəsiminin şerləri ifa olunacaqdır.
Müsabiqənin qalibləri Fəxri Fərman və hədiyyələrlə mükafatlanacaq və Respublika müsabiqəsində iştirak edəcəklər.
Gərgin keçən bədii qiraət müsabiqəsində münsiflər heyətinin yekdil qərarına əsasən Kəhrizli kənd tam orta məktəbin XI sinif şagirdi Xədicə Məmmədova I , Sarıcalı kənd tam orta məktəbin X sinif şagirdi Səbinə Əliyeva II, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Nəzrin Məmmədova III yerə layiq görülmüşlər.