1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib.
Ağcabədi şəhər Gənclər Mərkəzində YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir.
Öncə tədbiri GTM Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi”nin balaca fidanları onlara məxsus olan özəl günü Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan ediblər.
Daha sonra çıxış edən GTM Qarabağ ofisinin rəhbəri ,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri, Radə Telmanqızı uşaqları təbrik edərək vurğulayıb ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov da çıxış edərək, bu gün xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət tərəfindən göstərilən qayğıdan söz açaraq qeyd etmişdir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə hər il təntənəli şəkildə qeyd olunur. Düşünürəm ki, hər bir azərbaycanlı əlindən gəldiyi qədər azyaşlılardan öz sevgisini, mərhəmətini, köməyini əsirgəməməlidir".
Tədbir daha sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hazırlamış "Sülhü qoruyaq!" adlı maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi”nin ,Ağcabədi şəhər 5 saylı tam orta məktəbin, Ağcabədi rayon,Hacıbədəlli kənd uşaq musiqi məktəbinin, Laçın rayon Şamkənd kənd musiqi məktəbinin şagirdlərinin nümayiş etdirdikləri şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.