Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "28 may - Respublika günü"nə həsr olunmuş rəsm sərgisi keçirilib
24 may 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 may - Respublika günü münasibətilə müxtəlif rəsm əsərlərindən ibarət “Mənim Azərbaycanım” adlı sərgi keçirilib. Tədbir iştirakçıları öncə Mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin və Ağcabədi Pedaqoji Kollecinin “Təsviri-İncəsənət” ixtisasının tələbələrinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. Sərgidə 150-dən çox rəsm əsəri nümayiş etdirilirdi.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa 28 may – Respublika Gününün tarixi və mərkəzdə fəaliyyət göstərən kurslar haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Heydər Əliyev Mərkəzində mütəmadi olaraq kurs üzvləri ilə birlikdə keçirilən müxtəlif səpkili tədbirlər, sərgilər, film nümayişləri, təbliğatyönümlü söhbətlər onların vətənpərvər gənclik kimi yetişməsinə böyük şərait yaratmışdır.
Ağcabədi Pedaqoji Kollecin direktoru Mirələm İbrahimov, “Rəsm” kursunun rəhbəri Əsmər Əkbərova və digərləri çıxış edərək Respublika Günü münasibəti ilə keçirilən bu tədbirin gənclərin vətənpərvər ruhda yetişməsi və qabiliyyətli gənclərin üzə çıxarılması baxımından gözəl addım olduğunu vurğulayıblar.
Daha sonra tədbir bədii hissə ilə davam etmişdir. Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri Heydər Məmmədov, Elgün Quliyev və Nurcan Xəlilovanın ifasında “Respublika günü”nə həsr edilmiş şeirlər səsləndi. Mərkəzdə fəaliyyət göstərən “Rəqs” kursunun üzvləri və Ağcabədi şəhər 2 saylı körpələr evi uşaq bağçasının balaca fidanları öz rəqsləri ilə tədbirə rəng qatdılar.
Sonda aşağıdakı nominasiyalar üzrə qaliblər və həvəsləndirici yerlər diplomlarla təltif olunmuşlar.
1. “Yağlı boya texnikasında işlənmiş ən yaxşı işə görə”–Mamedov Allahverən Nadir oğlu
2. “Ən yaxşı kompozisiyaya görə” – Kərimli Günel Adil qızı
3. “Ən yaxşı mənzərə janrına görə” – Xanlarova Zeynəb İsgəndər qızı
4. “Ən yaxşı uğurlu rəng həllinə görə” – Orucova Arzu Azər qızı
5. “Ən yaxşı portret janrına görə” – Ağcabədi Pedaqoji Kolleci
6. “Vətənpərvərliyi təbliğ edən ən yaxşı rəsm əsərinə görə” – Axundova Aytac Nadiq qızı
7. “Ən yaxşı natrümort janrına görə” – Səfərli Nigar Asif qızı
8. “Ən yaxşı qrafik təsvirinə görə” – Səfərov Emin Vahid oğlu
9. “Həvəsləndirici yerlər” – İsmayılova Tahirə Arzu qızı, Mehdiyev Taleh Tail oğlu və
Əliyeva Aysu Cavanşir qızı