Ağcabədi Pedaqoji Kollecində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
25 fevral 2019-cu il tarixdə Ağcabədi Pedaqoji Kollecində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.Tədbirdə əvvəlcə Xocalı şəhidlərinin, Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Ağcabədi RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mirələm İbrahimli Xocalı faciəsi haqqında məlumat verərək bildirdi ki, o dəhşətli gündən 27 il ötür. Erməni silahlı qüvvələri uzun sürən mühasirədən sonra 26 fevral 1992-ci ildə xaricdəki havadarlarının hərbi yardımı ilə Xocalı şəhərini yerlə yeksan etdi. Köməksiz mülki əhali amansızlıqla qətlə yetirildi. Hətta südəmər körpələrə, əlsiz ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Yüzlərlə adam əsir götürülərək dəhşətli işgəncələrə və görünməmiş təhqirlərə məruz qaldı. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktı insanlığa qarşı tarixi bir cinayətdir.
Bu gün dünyanın bir çox ölkələrində Xocalının günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyib, Tanrıdan onlara rəhmət diləyir və əminliyimi bildirmək istəyirəm ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sülhsevər dövlət kimi sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail olacağıq, ərazi bütövlüyümüz bərpa ediləcəkdir. Azərbaycan xaqlının qüdrəti və iradəsi ilə qarşımıza qoyduğumuz bütün ali məqsədlərə nail olacağıq.
Daha sonra çıxış edənlər vaxtilə Xocalıda dəhşətli qətliamı törədənlər bu gün yüksək vəzifələrdə çalşaraq dünya ictimaiyyəti qarşısına çıxır. S.Sarkisyan və S.Ohanyan dünyanın ən böyük faciəsi olan Xocalı faciəsinin iştirakçıları olaraq ədalət məhkəməsində ittiham olunmaq yerinə, yüksək tribunalarda öz iyrənc əməllərinə haqq qazandırmaqla məşğuldurlar.Xocalı faciəsi öz mahiyyəti, miqyası etibarilə dünyada baş verən faciələrin daha dəhşətlisidir.
Daha sonra söz RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayevaya verildi. Məsələyə münasibət bildirən Naibə Mustafayeva ürək ağrısıyla bildirdi ki, mənfur qonşularımız daim tariximizi məhv etməyə çalışmış, hal-hazırda işğal etdikləri regionların tarixi abidələrini məhv etməklə məşğuldurlar. Lakin bu bizi ruhdan salmamalıdır. Bu gün Azərbaycan güclü ordusu, güclü iqtisadiyyatı olan ölkələr siyahısındadır. İnanırıq ki, Ulu Öndərimizin layiqli varisi, siyasi davamçısı, Respublikamızın Prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində işğal altında olan torpaqlarımız azad ediləcəkdir.
Tədbirin sonunda Xocalı şəhidlərinə həsr olunmuş ədəbi-bədii şeir kompozisiyası təqdim olunmuşdur.