Ağcabədi rayonunda 3 DEKABR - Beynəlxaq Əlillər Gününə həsr edilmiş “BİZ DƏ HAMI KİMİ” adlı tədbir keçirildi.
3 dekabr 2013-cü il tarixində Ağcabədi rayon İcra Hakimiyyəti və “İnkişaf Naminə İdman” ictimai birliyinin nəzdində fəaliyyət göstərən Ağcabədi Günərzi qayğı mərkəzi Beynəlxalq Əlillər Gününə həsr edilmiş “BİZ DƏ HAMI KİMİ” adlı tədbir təşkil etmişdir.
Tədbirdə rayon Icra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “İnkişaf Naminə İdman” ictimai birliyinin sədri Mehman Kərimov, Ağcabədi “Günərzi qayğı” mərkəzlərinin rəhbəri Aytən Dadşova, ATENA MMC-nin rəhbəri Mülhazi Balakişiyev, rayonun bir sıra hökumət nümayəndələri və təhsil müəssisələrinin rəhbərləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Aytən xanım iştirakçılara təbdirin məqsədi, Ağcabədi “Günərzi qayğı” mərkəzinin fəaliyyəti, sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlara, həmçinin onların ailələrinə göstərilən xidmətlər haqda geniş təqdimat verdi.
Daha sonra çıxış edən rayon Icra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycanda, həmçinin rayonda əhalinin aztəminatlı hissəsi, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan insanlara yönəlmiş dövlət siyasətindən, görülən işlərdən və həyata keçirilən layihələrdən danışdı. Rayon rəhbərinin sözlərinə görə bütün bu uğurlu və davamlı sosial siyasət ölkə başçısı möhtərəm İlham Əliyevin şəxsi diqqət və və qayğısı əsasında mümkün olmuşdur. Rayon rəhbəri “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikasının Prezidentinin 09 yanvar 2013 –cü il tarixli 2653 nömrəli Sərancamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə Prezident Fondundan ayrımış vəsaitin buna bariz nümunə olduğunu vurğuladı. Məhz bu sərəncamın nəticəsi olaraq Azərbaycanın 8 bölgəsindən biri kimi Ağcabədidə belə bir “Günərzi qayğı” mərkəzinin yaradılmasını yüksək qiymətləndirdi.
Sonra çıxış edən Mehman Kərimov yarandığı gündən rayon İcra Hakimiyyəti və aidiyyatı bütün digər orqanlarla sıx əməkdaşlıq qurmağa müvəffəq olan mərkəz rəhbərliyinə dərin təşəkkürünü bildirdi. Kərimov qeyd etdi ki, belə bir uğurlu əməkdaşlıq icra hakimiyyətinin, xüsusilə Şahin Məmmədovun dəstəyi olmadan mümkün olmazdı. Sonda Mehman müəllim dünya və Azərbaycanda əlilliyə münasibətin dəyişməsindən, Əlilliyi olan İnsanların Hüquqlarına dair BMT Konvensiyasından və onun iştirakçı dövlətlər üzərinə qoyduğu öhdəliklərdən danişdı.
Tədbir boyu iştirakçılara əlilliyə qarşı streotipin aradana qaldırılması, mərkəzin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər və valideynlərlə iş haqqında ətraflı məlumat verildi.
Təqdimatlararası mərkəzin, yerli öz fəaliyyət və incəsənət mərkəzindən olan uşaqların 3 dekabr – Beynəlxalq Əlillik Günü münasibətilə hazırladıqları bədii-musiqili proqram iştirakçılarda xüsusi əhval-ruhiyyə yaratdı.