Ağcabədi rayon Şəhidlər Xiyabanında "Xocalı Faciəsinin" 27-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da dərin hüznlə anılıb.
26 fevral 2019-cu il tarixdə faciənin 27-ci ildönümü münasibətilə Ağcabədi rayon Şəhidlər Xiyabanında rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları, “N” saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə tədbir keçirildi.Əvvəlcə Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov anım mərasimində çıxış edərək, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. Bildirilib ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardı. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu. Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən aktyorluq və bədii qiraət dərnəyinin üzvləri Xocalı şəhidlərinə həsr olunmuş əbədi –bədii kompozisiya ilə çıxış etdilər. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti 20 Yanvar,Xocalı soyqrımı şəhidlərini, 1941-1945-ci illər II dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini və 31 mart Azərbaycanlıların soyqırımını özündə əks etdirən möhtəşəm abidə kompleksi önünə və Qarabağ müharibəsi şəhidlərinin məzarları üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər.