Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində tədbir keçirilib

20 yanvar 2019 | 11:00

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq 19 yanvar 2019-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Azadlığa gedən yol” adlı tədbir keçirildi. Ağcabədi rayon İcra Hakimiyyəti, Y. Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzinin, Ağcabədi rayonu ərazisində yerləşən N saylı  əsgər və zabit heyətinin, Mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyevin iştirak etdiyi tədbirdə öncə 20 Yanvar faciəsini özündə əks etdirən “Qanla qazanılmış azadlıq” adlı  sərgi nümayiş olundu.
       Sərgi ilə tanışlıqdan sonra tədbirin ikinci hissəsinə başlanıldı. Tədbir iştirakçıları tərəfindən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin ikinci hissəsini giriş nitqi ilə açıq elan edən Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa 20 Yanvar faciəsi və Azərbaycan xalqının  azadlıq uğrunda apardığı mübarizələr haqqında qısa məlumat verərək bildirmişdir ki, 29 il öncə baş verən bu qanlı faciə hər birimizin yaddaşına əbədi olaraq həkk olunub. Həmin gün Azərbaycan tarixinə Qanla yazılmış bir səhifə olsa da, bu tarix eyni zamanda Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 – cı ilin 20 yanvar günü uzun illər  Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
      Daha sonra Heydər Əliyev Mərkəzinin fond mühafizi Nurlan Piriyev “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi“ adlı məruzə ilə çıxış etdi.
       Məruzədən sonra çıxışlara başlanıldı. Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər  şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədova və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev, eləcə də N saylı Hərbi Hissənin əsgəri Miryaqub Əliyev çıxış edərək bildirmişdilər ki, Azərbaycan tarixinin ən şərəfli və həm də ən faciəli anlarından olan, 137 insan qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi  20 yanvar gecəsi milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası oldu. Artıq tarixiləşmiş hadisə olan 20 Yanvar genetik yaddaşımızda xalqımızın fəxarət və şərəf günü kimi qalmışdır. Çıxışçılar məhz Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə qanlı yanvar hadisələrinə siyasi-huquqi qiymət verildiyini, faciənin dünya ictimaiyyətinə doğru, düzgün çatdırılmasında və beynəlxalq müstəvidə tanıdılmasında onun atdığı addımların mühüm rol oynadığını vurğulamışlar. “Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti nəticəsində bu yolda qarşıya çıxan maneə və çətinliklər uğurla dəf olunmuş, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranmış, Azərbaycanın Beynəlxalq aləmdə nüfuzunun getdikcə artmışdır”.
      Daha sonra Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında 20 Yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
      Sonda 20 Yanvar hadisələrini özündə əks edirən kadrlardan ibarət  sənədli filmin nümayişi ilə tədbir sona çatdı.

Keçidlər