Ağcabədi rayonunda 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət bayrağı günü münasibətilə tədbir keçirilmişdir.
Ağcabədi rayonunda yerləşən “Dövlət Bayrağı” meydanında 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət bayrağı günü münasibətilə tədbir keçirilmişdir. Bayram tədbirində iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək bildirmişdir ki, Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
1919- cu ildə keçirilən Paris Sülh Konfransında bayrağımız Parisdə dalğalanıb. Bayrağımız 1920-ci ilin aprel işğalınadək dövlətimizin başı üzərində dalğalanmış, süqutdan sonra yasaq edilərək yığışdırılmışdır.
Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
17 noyabr 1990-cı il tarixdə Naxçıvan Ali Məclisinin sesiyasında Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın Dövlət Bayrağı elan edilməsi ilə bağlı qərar qəbul edilmişdir.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
O cümlədən üçrəngli bayrağımız bizim doğma Ağcabədidə də hal-hazırda yığışdığımız Bayraq Meydanında dalğalanır. Bayraq dirəyinin uzunluğu 65 m, bayrağın öz uzunluğu 18 m, eni isə 9 metrdir. Bu möhtəşəm Bayraq Meydanın açılışı 08 may 2012-ci il tarixdə olmuşdur.
Rayon ictimaiyyətinin, ziyalıların iştirak etdiyi tədbirdə rəsm müsabiqəsi keçirilmiş, qaliblər təltif olunmuşdur. Sonra rayon Mədəniyyət şöbəsinin təşkil etdiyi konsert proqramı ilə davam etdirilmişdir. Musiqilər ifa olunmuş, məktəblilərin şeir parçaları dinlənilmişdir.
Tədbirdə 1200 nəfər iştirak etmişdir.