Anım Günü ilə əlaqədar olaraq Mərkəz əməkdaşları tərəfindən Ağcabədi şəhər ümumtəhsil məktəblərində məruzələr keçirilir.
12 dekabr – “Ümummilii Lider Heydər Əliyevin Anım günü” ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirilir. Plana uyğun olaraq mərkəz əməkdaşları tərəfindən hər ay mövzusu dəyişən məruzələr dekabr ayında Dahi Liderin “Anım Gün”nə həsr olunub.
İlk olaraq 05 dekabr 2018-ci il tarixdə Ağcabədi şəhər 9 saylı tam orta məktəbdə keçirilən məruzədən öncə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablardan ibarət “Unudulmaz Şəxsiyyət” adlı sərgi təşkil olunmuşdur. Sərgi ilə tanışlıqdan sonra Mərkəzin əməkdaşı Rövşanə Əliyevanın “Heydər Əliyev və Azərbaycançılıq” adlı məruzəsi dinlənilib. Məruzə zamanı şagirdlərə Ulu Öndərin Vətən və xalq qarşısındakı tarixi xidmətləri barədə ətraflı məlumat verilərək bildirilmişdir ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olunmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırıb. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir. Məruzəçi qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə ilk gəlişi zamanı keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.
Məruzə zamanı həmçinin, şagirdlərə ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə daxilində siyasi sabitliyin bərqərar olması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qazanılan uğurlar haqqında dolğun məlumat verilib.
Qeyd edək ki, mərkəz əməkdaşları tərəfindən məktəblərdə təşkil olunan məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.