Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

27 noyabr 2018 | 11:00

27 noyabrın 2018-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.

Rayonun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və aktiv gənclərin iştirak etdiyi seminar-treninqi giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Respublikamızda ənənə halını almış tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Onun sözlərinə görə, respublikamızda heç zaman dinlərarası və məzhəblərarası qarşıdurma baş verməyib.

İslamın sülh və əmin-amanlıq dini olduğunu diqqətə çatdıran sədr müavini onu da vurğulayıb ki, İslam yalnız inanc, mənəvi dəyərlər sistemi deyil, fərdlə yanaşı, cəmiyyəti də öz prinsiplərinə uyğun formalaşdırmağı qarşısına məqsəd qoyan və ilahi mahiyyət daşıyan dəyərlər sistemidir. “Ancaq bu dəyərlər sistemi bütün digər idarəçilik sistemlərini və siyasi quruluşları rədd etməyə, nəyin bahasına olursa-olsun məhz teokratik dövlət qurmağa çağırmır. O, müsəlmanları dünyada və axirət həyatında xoşbəxt etməyi qarşısına məqsəd qoyur, amma bunun üçün şəriət qanunları ilə idarə olunan, İslamı siyasi ideologiya kimi qəbul edən dövlətin qurulmasını vacib hesab etmir. Əgər mövcud idarəçilik forması onlara həm dünya, həm də axirət xoşbəxtliyi naminə çalışmaq imkanı yaradırsa, müsəlmanlar nəinki həmin dövlətə qarşı çıxmamalı, hətta onu qorumalıdırlar”-, deyə G.İsmayılov əlavə edib.

DQİDK-nın sədr müavini deyib ki, dinin dünya həyatı ilə bağlı qarşısına qoyduğu əsas hədəfləri var. Bu hədəflər təməl insan hüquqlarını – vicdan azadlığını, mülkiyyət, ailə və sağlamlıq hüququnu qorumaq, eləcə də cəmiyyətdə ədalət anlayışını maksimum təmin etməkdir.

İslam dininin radikalizm və xurafata qarşı olduğunu diqqətə çatdıran G.İsmayılovun sözlərinə görə, İslam dünyasında bütün dövrlərdə, hətta çağdaş zamanımızda dinlə əlaqəli xurafat meyillərinin böyük əksəriyyəti müsəlmanların Qurani-Kərimi bilməməsindən qaynaqlanır.

Sədr müavini sonda dini maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsi ilə aparılmasının vacibliyinə toxunub. Natiq vurğulayıb ki, şagirdlərin dini dünyagörüşünün formalaşmasında müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Keçidlər