15 İyun – Milli Qurtuluş Günü münasibətilə Ağcabədi regional "ASAN xidmət" mərkəzində "Qurtuluşdan İnkişafa: Azərbaycan Dövlətçiliyinin Yolu" adlı tədbir keçirilib.
Tədbir Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəliyi, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi rayon komitəsi, Qarabağ Regional Mədəniyyət İdarəsi, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə iştirakçılar Milli Qurtuluş Gününə, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan dövlətçiliyinin inkişaf yoluna, eləcə də Qərbi Azərbaycanın tarixi-mədəni irsinə həsr olunmuş sərgilərlə tanış olublar. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən danışıblar.
Tədbirdə rayonun ziyalıları, təhsil işçiləri, hərbi qulluqçular, gənclər və Qərbi Azərbaycan əsilli soydaşlarımız iştirak ediblər.
Rəsmi hissədən sonra Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivlərinin iştirakı ilə bədii proqram təqdim olunub. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.






