Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Ağcabədi filialında Yeni Azərbaycan Partiyasının yaradilmasının 26-cı ildönümü münasibətilə tədbir keçirildi

22 noyabr 2018 | 11:00

21 noyabr 2018-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası Xalqın Partiyasıdır” mövzusunda tədbir keçirildi.

Əvvəlcə Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva Yeni Azərbaycan Partiyasının yaradılmasının xalqımızın tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirdi. O qeyd etdi ki, adı Ulu Öndərimiz Heydər Əliyevlə birgə anılan Yeni Azərbaycan Partiyası xalqımızın işıqlı gələcəyinə təminat verən, dövlətçiliyimizin mühüm məsələlərini həyata keçirməyi özünə ali məqsəd və məramnamə kimi qəbul edən yüksək bir qurumdur.

Sonra məruzə üçün söz filialın Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimova verildi. “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır” mövzusunda məruzə edən dos. M. Səlimov Azərbaycan xalqının siyasi həyatında əvəzsiz rolu olan YAP-ın yaranma tarixi və bu tarixi yetişdirən ictimai-siyasi vəziyyətin müfəssəl xronikasını verdi. O bildirdi ki, hər bir xalqın tarixində müəyyən siyasi şəxsiyyətlər mövcud olmuşdur və bu şəxsiyyətlər zamanı gəlincə, xalqın ağır günündə xilaskar missiyasını həyata keçirməklə məsuliyyətləndirilmişlər. Ümummilli Liderimiz Heydər Əliyevin Allahdan xalqımıza bəxş olunmuş xilaskarlıq missiyasının daşıyıcısı olduğunu böyük fəxarət və xüsusi minnətdarlıq hissi ilə dilə gətirən məruzəçi bildirdi ki, Azərbaycan xalqı onu azadlığa, milli suverenliyə və siyasi sabitliyə qovuşduran öz dəyərli oğlunu – yaddaşlara əbədi həkk olunmuş Heydər Əliyev dühasını unutmayacaqdır. 26 illik siyasi fəaliyyəti boyunca xalqa sədaqət nümayiş etdirən Yeni Azərbaycan Partiyası sözün əsl mənasında dünənin, bu günün və sabahın partiyasıdır.

Məruzə ətrafında çıxış edən filialın “İctimai, təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının baş müəllimi, ADPU-nun Ağcabədi filialının YAP İlk Partiya Təşkilatının sədri Anar Kərimli əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi və Yeni Azərbaycan Partiyasının xüsusilə gənclər arasındakı nüfuzundan danışdı. O bildirdi ki, bu günün sağlam əqidəli, gələcəyi daha yaxşı görmək iqtidarında olan gəncləri, məhz YAP-a etimad göstərərək onun sıralarında mütəşəkkil şəkildə birləşməyin vacibliyini duyur və xalqa xidmət amallı bu partiyanın yürütdüyü siyasəti dəstəkləyirlər.

Filialın Pedaqoji fakültəsinin “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Röyalə Əsədova Azərbaycan xalqının tarixi keçmişini özündə əks etdirən gözəl bir şeir nümunəsi söyləyərək tədbir iştirakçılarının zövqünü oxşadı.

Keçidlər