ADPU-nun Ağcabədi filialında Konstitusiya günü münasibətilə tədbir keçirildi
12 noyabr 2018-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Konstitusiya günü münasibətilə “Əsas insan, vətəndaş hüquqları və azadlıqları” mövzusunda dəyirmi masa keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra tədbiri giriş sözü ilə açan filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov Müstəqil Azərbaycan Respublikasının qanunverici aktı olan Konstitusiyanın yaranmasından ötən 23 illik müddət ərzində ölkə həyatında müsbət mənada baş verən dəyişikliklərdən danışdı.
Sonra məruzə dinlənildi.
“Əsas insan, vətəndaş hüquqları və azadlıqları” mövzusunda məruzə edən filialın Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov dövlətçiliyimizin mühüm məsələsi olan Konstitusiyanın qəbulundan və bunun tarixi əhəmiyyətindən danışdı. Azərbaycan Respublikasının Konstitusiyasını bölmə, fəsil və maddələr üzrə şərh edən məruzəçi, əsasən diqqəti üçüncü bölmədə öz əksini tapan insan hüquqları və azadlıqları məsələsinə çəkdi. Ölkə Konstitusiyasının təxminən üçdə birini əhatə edən insan amilinin dövlətimizin qanunverici aktında öz əksini tapmasını həmin sənədin demokratik mahiyyəti və hüquqi dövlət quruculuğu ilə əlaqələndirdi. Qeyd olundu ki, Azərbaycan Konstitusiyasının daxili mahiyyətini demokratiya, hüquqi və sosial dövlət quruculuğu, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi kimi dəyərlər təşkil edir.
Dos. Mahir Səlimov məruzəsini Azərbaycan Respublikası Konstitusiyasının müəllifi, Ulu Öndər Heydər Əliyevin vaxtilə dediyi “Bu gün ən mühüm vəzifə Konstitusiyanı daha dərindən mənimsəmək və onun verdiyi təlimatlardan bəhrələnməkdən ibarətdir” sözləri ilə sonlandırdı.
Məruzə ətrafında çıxışlar dinlənildi.
Filialın “İctimai, təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının dosenti Məhəmməd Hüseynov, “Xüsusi və ümumelmi fənlər” kafedrasının müdiri, dos. əvəzi Tahir Kərimli, “Riyaziyyat, informatika və onların tədrisi metodikası” kafedrasının müdiri, dos. Sahib Zeynalov məruzə ətrafında çıxış edərək Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonra əlavə və dəyişikliklərin edilməsi faktlarına toxundular. Qeyd olundu ki, Azərbaycan Respublikasının Avropa məkanına inteqrasiyası və eləcə də hüququn müasir inkişaf istiqamətləri ölkədə konstitusiya islahatlarının aparılması və Əsas Qanunun daha da təkmilləşdirilməsi zərurətini yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklər Azərbaycanın hüquq sisteminin dünyanın inkişaf etmiş dövlətlərinin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması mahiyyət etibarilə ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha səmərəli müdafiə edilməsi məqsədlərinə xidmət edir.
Filialın Pedaqoji fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri – Gülbəs Şirinova və Səbinə Şahverənova tələbə gənclər adından çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və gələcək əməli fəaliyyətlərində qanunun aliliyinin keşiyində dayanacaqlarına söz verdilər.