Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günü münasibətilə tədbir keçirilmişdir

12 noyabr 2018 | 11:00

12 noyabr 2018-ci il tarixdə Ağcabədi rayon Təhsil şöbəsində müəllim və şagirdlərin iştirakı ilə Azərbaycan Respublikasının Konstitusiyası günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov çıxış edərək bildirmişdir ki, bu gün Respublikamızın hər yerində ölkəmiz üçün əlamətdar bir gün - Konstitusiyanın qəbul olunduğu gün böyük təntənə və coşğu ilə qeyd olunur. Qeyd edək ki, müstəqil Azərbaycanın ilk demokratik konstitusiyasının qüvvəyə mindiyi gündən xeyli vaxt keçir. Demokratik, hüquqi dövlətin qurulmasının əsaslarını yaradan konstitusiyanın öyrədilməsi və təbliği hər bir vətəndaşın borcudur. Bu sahədə hər kəsin üzərində mühüm vəzifələr düşür. Çalışmalıyıq ki, konstitusiyamızın hər maddəsini, hətta hər bəndini belə şagirdlərimizə mənimsədə bilək və onlarda qanunlarımıza hörmət hissi aşılayaq.
   Yekunda  Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək ilk öncə Azərbaycan Respublikası Konstitusiyasının yaranması günü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etmiş və daha sonra qeyd etmişdir ki, xalqımızın dövlətçilik ənənələri uzun bir tarixə dayansa da, müstəqil respublika qurmaq və onun ali qanununu qəbul etmək elə də asan olmadı. Siyasi rejimin dəyişilməsi, ölkədə baş verən ictimai-siyasi proseslər xalqın öz xilaskarını axtarmasına səbəb oldu. Ulu Öndərimiz Heydər Əliyevin vətəninə tarixi dönüşü, ölkəmizi vətəndaş qarşıdurmasından xilas etməsi, siyasi sabitliyin əldə olunması Müstəqil Azərbaycan Respublikasının ali qanunvericilik aktı olan Konstitusiyanın hazırlanması məsələsini ortaya qoydu. Ulu Öndərimiz Heydər Əliyev Respublika Konstitusiyası hazırlanarkən 10 dekabr 1948-ci ildə BMT-nin insan hüquqları haqqında verdiyi Bəyannaməni əldə əsas tutaraq, tam demokratik bir ölkənin konstitusion hüquqlarının yaradılmasını qarşıya ali məqsəd olaraq qoydu. Beləliklə, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu.
    Çıxışının sonunda Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva bildirmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu Konstitusiyanın müddəalarından istifadə edərək tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, dövlət müstəqilliyimizi əbədi edəcəkdir.

Keçidlər