Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Ağcabədi filialında 18 Oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibəti ilə elmi-praktik konfrans keçirildi

17 oktyabr 2018 | 11:00

17 oktyabr 2018-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə elmi-praktik konfrans keçirildi. Konfransda filialın professor-müəllim heyəti və rayon ictimaiyyətindən Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev iştirak etdi.

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva tarixən xalqımızın milli müstəqillik uğrunda apardığı mübarizə və bu mübarizəyə dərin inamın bəhrəsi olaraq bugünkü ölkə həyatımızı nümunə göstərdi. O qeyd etdi ki, Müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir və ölkəmizə rəhbərlik edən, Ali Baş Komandanımız Cənab İlham Əliyev Ulu Öndərimizdən ona miras qalan dövlətçilik ənənələrinə sədaqətlə xidmət edir.

Sonra Azərbaycan xalqının Ümummilli Lideri, xalqımızın xilaskarı Heydər Əliyevin ölməz ruhu bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Konfransın gündəliyi elan olunmazdan əvvəl milli müstəqillik günü ilə əlaqədar Ulu Öndərimizin çıxışlarının müəyyən bir hissəsini əhatə edən videolent nümayiş etdirildi.

Dos. M. Fərzəliyeva konfrans iştirakçılarını gündəliklə tanış etdi və ilk məruzə üçün sözü filialın Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimova verdi.

“Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını yetişdirən tarixi şərait” mövzusunda məruzə edən dosent Mahir Səlimov bildirdi ki, xalqımız beş min illik dövlətçilik ənənələrinə malikdir. Tarixin müxtəlif dönəmlərində xalqımızın müstəqilliyi əlindən alınmış, əsarətdə yaşamışdır. Bu isə iri imperialist dövlətləri ilə qonşu olmağımızla əlaqədar olmuşdur. Azərbaycan xalqı nə qədər əsarətdə yaşasa da, onun içindəki azadlıq, istiqlaliyyət duyğusu ölməmiş, zamanı gəldikcə mübarizəyə atılmaqdan çəkinməmişdir.

Xalqlar həbsxanasına çevrilən rus imperiyasının tarixi süqutu 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışına zəmin hazırladısa, sovetlər birliyinin daxili puçluğu nəticəsində tənəzzülü xalqların öz müqəddəratını müəyyən etmək fürsətini yaratdı. Öz azadlığı, suverenliyi uğrunda meydanlara atılan xalqımız 1990-cı il qanlı yanvar faciəsi ilə müstəqilliyə aparan yolun manifestini yazdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan xalqı dövlət müstəqilliyini elan etdi.

Növbəti məruzə üçün söz filialın “İctimai, təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının baş müəllimi Anar Kərimliyə verildi.

“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda məruzə edən A. Kərimli bildirdi ki, Ulu Öndər Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Onun həyata keçirdiyi taleyüklü məsələlər, nəzəri və praktiki diplomatiyaya verdiyi töhfələr hələ uzun illər xalqımıza gərəkli olacaq və onu işıqlı sabaha səsləyəcəkdir. Məhz Heydər Əliyevin zəngin həyat təcrübəsi və siyasi dünyagörüşünün nəticəsində indi Azərbaycan qüdrətli, qüvvətli bir ölkəyə çevrilmiş, sabit, tolerant, yüksək mədəniyyətli bir xalqın dövləti kimi dünyaya tanınmışdır.

“Müstəqil Azərbaycan dövləti beynəlxalq aləmdə” mövzusunda məruzə edən filialın “İctimai, təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının dosenti, t.ü.f.d. Məhəmməd Hüseynov bildirdi ki, Müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınması, nüfuzlu bir ölkə kimi qəbul edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birmənalı şəkildə böyük rolu olmuşdur. Azərbaycanın BMT-yə üzvlüyündən sonra onun ali kürsüsündən xalqımızın başına gətirilən milli faciələrin səbəbkarı olan erməni işğalçılarının törədiyi genosid aktının və torpaqlarımızın iyirmi faizinin işğal edilməsi kimi məsələlərin dünyaya tanıdılması Heydər Əliyevin vətəndaşlıq mövqeyinin bariz nümunəsi kimi mənalandırılmalıdır. Bu gün Azərbaycan dünyanın tanınmış, inkişaf etmiş ölkələri ilə siyasi-iqtisadi və mədəni əlaqədədir. Bütün bunlar Ulu Öndərimizin Azərbaycan dövləti haqqında dediyi fikirləri - onun əbədiliyi, daimiliyi və dönməzliyini sübuta yetirən faktorlardır.

“Milli təhsilimiz müstəqillik dövründə” mövzusunda məruzə edən filialın “Xüsusi və ümumelmi fənlər” kafedrasının müdiri Tahir Kərimli Azərbaycan təhsilinin dünəni, buğünü və gələcəyi ilə bağlı ətraflı danışdı. Xalqımız müstəqillik əldə etdikdən sonra təhsil sahəsində əldə edilmiş nailiyyətlər fərəh hissi ilə qeyd olundu. Azərbaycan təhsilinin qayğısını çəkən Ümummilli Liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” şüarının əsl mahiyyəti açıqlandı.

“Azərbaycan ədəbiyyatı müstəqillik illərində” mövzusunda məruzə edən filialın “Dillər, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev həmin illərdə yaranmış ədəbiyyat nümunələrindən, dövrün yetişdirdiyi sənətkarların həyat və bədii fəaliyyətindən danışdı. Məlum oldu ki, müstəqillik illərində yaradılmış ədəbiyyatımızın böyük əksəriyyəti öz mayasını, rişəsini xalqımızın qanı bahasına əldə etdiyi suverenlik, azadlıq və istiqlaliyyət duyğusundan almışdır.

“Müstəqil Azərbaycanda multikultural dəyərlər” mövzusunda məruzə edən filialın Tədris və Elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov Azərbaycanın hazırda ən tolerant , mədəniyyətlərin qovuşduğu və inkişaf etdiyi ölkə kimi dünyada tanınmasından danışdı.

Məruzə ətrafında çıxışlar dinlənildi. Filialın Pedaqoji fakültəsinin MT-401 qrup tələbəsi Lamiyə Qarayeva Müstəqil Azərbaycan dövlətinin azad və xoşbəxt gənci kimi dövlətimizin gələcəyinə böyük ümidlər bəslədiyini ifadə etdi.

Sonda çıxış üçün söz Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyevə verildi. O, konfrans iştirakçılarını bayram münasibətilə təbrik etdi və dövlət müstəqilliyimizin yaranma aspektlərinə öz münasibətini bildirdi. O qeyd etdi ki, Azərbaycan xalqı öz dövləti ilə öyünməyə qadirdir. Çünki onun öz mövqeyini dəyişməyən İlham Əliyev kimi siyasi lideri var.

Keçidlər