Ağcabədidə Dövlət Müstəqilliyi münasibətilə tədbirlər keçirilmişdir.
Oktyabr ayının 16-da YAP Ağcabədi rayon təşkilatında 18 oktyabr Dövlət Müstəqilliyi gününün 27-ci ildönümü münasibətilə dəyirmi masa keçirilmişdir.
Tədbiri Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq tədbir iştirakçılarını təbrik etmişdir. O, qeyd etmişdir ki, indi Dövlət Müstəqilliyimizin 27-ci ildönümünü böyük sevinc və fərəh hissi ilə qeyd edirik. Lakin bu müstəqillik çox çətin əldə edilmiş, daha böyük çətinliklərlə qorunub saxlanmışdır. Doğma vətənimiz olan Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmişdir. Birinci dəfə əldə etdiyimiz müstəqillik xarici müdaxilə və daxili çəkişmələr səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci dəfə 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının Ali Soveti yenidən Azərbaycanın müstəqilliyi haqqında qərar qəbul etdi.
Lakin müstəqilliyini qazandıqdan az sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Ermənistan silahlı qüvvələrinin hərbi müdaxiləsi nəticəsində gedən müharibə, digər tərəfdən o vaxtki ölkə rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və kreslo savaşına çıxan bəzi siyasi oyunbazların antimilli hərəkəti müstəqilliyin itirilməsi təhlükəsini reallaşdırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə aradan qaldırıldı, Azərbaycanda hərtərəfli inkişafın təməli qoyuldu, müstəqilliyimizin siyasi və iqtisadi dayaqları getdikcə möhkəmləndi. Xalqın rifah halı yaxşılaşdı, dünyanın aparıcı dövlətləri ilə əlaqələr yaxşılaşdı.
Ulu Öndər Heydər Əliyevin siyasi varisi, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və xalqın rifah halına, ölkənin iqtisadi inkişafına hesablanan düzgün daxili və xarici siyasət sayəsində ölkəmizin müstəqilliyi daha da möhkəmlənmiş, Azərbaycan möhtəşəm Beynəlxalq tədbirlərin keçirildiyi, dünyada söz sahibi olan bir dövlətə çevrilmişdir.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, YAP Ağcabədi rayon təşkilatının NTQ sədri Elsevər İsmayılov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Ağcabədi Pedaqoji Kolleci ərazi ilk təşkilatının sədri Rövşən Bayramov çıxış edərək siyasi həmfikirlərini müstəqillik günü münasibətilə təbrik etmiş, 100 yaşı bu il tamam olmuş, Şərqdə ilk Demokratik Respublikanın hüquqi varisi olan Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qurur duyduqlarını vurğulamışlar.