Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilib.
18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə 15 oktyabr 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Ağcabədi rayon İcra Hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının, Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin,Ağcabədi rayon MKS-nin və Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edərək bildirib ki, 18 oktyabr tarixi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Məhz 26 il öncə bu tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuş və bu mühüm sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmuşdu.
Sonra 12 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində məktəblilər arasında keçirilən “Müasir tariximizi necə bilirik?” adlı müsabiqənin qalibləri diplomlarla təltif olundular.
Daha sonra Heydər Əliyev Mərkəzinin bələdçisi Rövşanə Əliyeva “Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir”” adlı məruzə ilə çıxış edərək Azərbaycanın müstəqilliyinin əldə olunmasında Ümumilli Lider Heydər Əliyevin müstəsna rolundan, Azərbaycanın həmin dövrdə qarşılaşdığı problemlərdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıb.
Məruzə ətrafında çıxış edən YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, Ağcabədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədova Azərbaycanın müstəqillik tarixinə nəzər salaraq bildirmişlər ki, SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi və mənəvi tələbatları arasında əsas nemət oldu. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri var. Dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə nəsib oldu.
Çıxışlardan sonra Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında Müstəqillik Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizlə bağlı söylədiyi fikirlərdən ibarət video-çarx nümayiş olundu.