Ağcəbədi sakinləri erkən nikah problemi ilə bağlı maarifləndirilib
“Qadınlara qarşı zorakılıq, erkən nikah və sonradan yaranan problemlər son dövrlərin ən aktual problemləri olaraq qalır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır. Hər hansı etnik və ya dini qrup bu bəladan sığortalanmayıb. Azərbaycanda din, qızların təhsildən zoran ayrılması, erkən nikaha cəlb edilməsi, zorakılığa məruz qalması hallarına rast gəlinir. Bütün bunların qarşısının alınmasının bir yolu da insanların maarifləndirilməsindən keçir”. Bu fikirləri Regional Qadın Təşəbbüsləri İctimai Birliyinin layihə rəhbəri Kubra Məmmədova Ağcəbədidə keçirilən məlumatlandırma sessiyasında bildirib.
"Erkən nigaha cəlb edilən və zorakılığa məruz qalan qadınlara sosial, psixoloji və hüquqi yardımların göstərilməsi" layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasında çıxış edən K.Məmmədova qeyd edib ki, Azərbaycan qanunvericiliyi bu istiqamətdə də əhalinin hüquqlarının qorunmasına imkan verir: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə 4 ay müddətində davam edir. Layihənin əsas məqsədi son dövrlər artan erkən nikah və məişət zorakılığından aradan qaldırılması üçün ona qarşı mübarizənin təşkil edilməsi, erkən nikaha cəlb edilən və zorakılığa məruz qalan qadınlara sosial, psxoloji və hüquqi yardımların göstərilməsi istiqamətində ictimai təşəbbüslərin gücləndirilməsidir. Digər tərəfdən onların biliklərinin artırılması və onların hüquqlarının müdafiəsinin gücləndirlməsi istiqamətində maariflədnirmə işinin təşkilidir”.
Tədbirdə məruzəçi qismində çıxış edən Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov Azərbaycan qanunvericiliyin nikah yaşı, nikaha daxil olmaq üçün tələblər, gender bərəbərliyinin təmin olunması istiqamətində görülən tədbirlərlə bağlı iştirakçılara məlumat verib: “Azərbaycan Konstitusiyası hər kəsə qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ verir. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ailə Məcəlləsinə görə, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir”.