Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər davam edir

22 may 2018 | 11:00

Respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

May ayının 19-da YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Ağcabədi rayon İcra Hakimiyyəti və YAP Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə “Tariximizi unutmayaq” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanı YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq qeyd etdi ki, Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cumhuriyyəti dövründə qoyulmuşdur. Müsəlman Şərqində ilk Parlament Respublikası olan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının fprmalaşdırılmasına örnək olmuşdur. Natiq vurğulamışdır ki, 100 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə olmuş, əsirlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cumhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə Respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər kabinetinə müvafiq tədbirlər planının hazırlanıb keçirilməsi tapşırılmış, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cumhuriyyəti” ili elan edilmişdir.

Tədbirdə Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi filialının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mahir Səlimov Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi islahatlar barədə məruzə edərək toplantı iştirakçılarına geniş məlumat verdi.

Dəyirmi masada Ağcabədi Pedaqoji kollecinin müəllimi Bəxtiyar Əliyev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nurlan Piriyev, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, “N” saylı hərbi hissənin zabiti leytenant Məvtun Yolçuyev, Qarabağ müharibəsi əlili Arzu Həsənov, Ağcabədi şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Tərlan Məmmədova çıxış edərək Azərbaycan Xalq Cumhuriyyəti barədə öz fikir və mülahizələrini söylədilər.

Dəyirmi masada Ağcabədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi hümanitar məsələlər şöbəsinin sektor müdiri Təyyar Hacıyev iştirak və çıxış etmişdir

Keçidlər