Şriftin ölçüsü :

Saytın rəngi :

N saylı hərbi hissədə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirildi

26 fevral 2018 | 11:00

Tədbirdə Xocalı şəhidlərinin, Azərbaycanın Müstəqilliyi və ərazi bütövlütyü uğrunda şəhid olanların xatirəsi I dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri YAP Ağcabədi rayon təşkilatının təlimatçısı Mehman Novruzov açaraq qeyd etmişdir ki,tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədilik həkk olundu. Lakin xalqımız Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. O vaxtkı dövlət rəhbərliyini təmsil edən vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyəti heyrətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkindilər. Sonralar - AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayətə lazimi siyasi və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi.

Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.

Ulu öndərin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırılır ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, I qrup Qarabağ Müharibəsi əlili, Qarabağ Müharibəsi əlilləri, veteranları,şəhid ailələri İctimai Birliyinin Ağcabədi filialının sədri İsmayıl Məhərrəmov,Xocalı sakimi Vahid Abbasov, N-saylı hərbi hissənin zabit və əsgərləri ermənilərin törətdikləri vəhşiliklərdən söz açaraq Azərbaycan Ordusunun gücü ilə bütün şəhidlərimizin qisasının alınacağını diqqətə çatdırıblar.

Tədbirdə N-saylı hərbi hissənin əsgərləri ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.Tədbirin sonunda Xocalı Soyqırımına həsr olunmuş film nümayiş etdirilmişdir.

Keçidlər