Ağcabədi rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.
09.02.2018-ci il tarixdə saat 14:30-da Y.Məmmədov adına Mədəniyyət Mərkəzində Ağcabədi rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, sonra mədəniyyət mərkəzinin foyesində Ağcabədidə istehsal edilən məhsulların sərgisinə, rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlərə və videoçarxa baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun məruzəsində bildirilib ki, hesabat dövründə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində ardıcıl tədbirlər görülüb. Ağcabədi şəhərində abadlıq-quruculuq işləri davam etdirilib, Aran kənd 1 saylı körpələr evi-uşaq bağçasının, rayon elektrik şəbəkəsinin inzibati binasının və Rəncbərlər kəndi ərazisində pambıq qəbulu məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib, Yuxarı Qiyaməddinli və Hacılar kənd tam orta məktəbləri əsaslı təmir olunub.
Hazırda Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası, avtovağzalın, şəhər 2 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni binanın və rayon ərazisində atçılıq kompleksinin tikintisi, şəhər 7 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam etdirilir.
Diqqətə çatdırılıb ki, ötən il rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 481.111,5 min manat olub. Bu, əvvəlki illə müqayisədə 1,7 dəfə çoxdur. Bu dövrdə 29.368,7 min manatlıq sənaye, 166.126,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 212.010,9 min manat investisiya yönəldilib, 203.685,3 min manatlıq tikinti işləri görülüb. 2016-cı illə müqayisədə sənaye məhsulları istehsalı 1,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 9,7 faiz, əsas kapitala yönəldilən investisiyalar 5 dəfə, tikinti işləri 5,2 dəfə artıb. İl ərzində 3302-si daimi olmaqla, 5244 yeni iş yeri açılıb.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, ötən il rayonda 59 min 126 ton buğda, 10 min 308 ton arpa, 58 min 50 ton şəkər çuğunduru, 4308,4 ton soya, 12 min 296,8 ton tərəvəz, 14 min 287 ton bostan məhsulları, 19 min 156,8 ton dən qarğıdalı, 7 ton günəbaxan, 2246 ton kartof, 12 ton qarabaşaq istehsal edilib. 2017-ci ildə pambıqçılıq və baramaçılığın inkişafında da uğurlar qazanılıb. 9550 hektarda pambıq becərilib, 20 min 497 ton məhsul, həmçinin 16 min 779 kiloqram yaş barama istehsal olunub. İpəkqurdunun yem bazasının təmin edilməsi məqsədilə 142 min tut tingi əkilib.
2017-ci il ağcabədililər üçün Prezident İlham Əliyevin noyabrın 28-də Ağcabədiyə səfəri ilə yaddaqalan və əlamətdar olub. Dövlətimizin başçısı səfər zamanı Bayraq Muzeyinin, Ağcabədidə inşa edilmiş körpələr evi-uşaq bağçasının, Olimpiya İdman Kompleksinin, çörək və un məmulatları zavodunun və Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib. Səfərdən sonra Ağcabədi şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalanıb.
Çıxışlarda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların aradan qaldırılması yollarından və 2018-ci ildə görüləcək işlərdən danışılıb.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatları Aqil Abbas və Tahir Rzayev yığıncaqda çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən söz açıblar.