Ağcabədi Olimpiya İdman Kompleksində kütləvi qaçış keçirildi.
Nəhəng idman infrastrukturunun yaradılması istiqamətində atılan addımlar Azərbaycanı idman ölkəsi kimi nəinki yerləşdiyi coğrafi arealda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Buna dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində nail olunub. Çoxlu sayda Olimpiya İdman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng idman hərəkatının yaşandığı məkanlardan biri kimi tanıdıb. Son illər Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Diqqət çəkən əsas məqamlardan biri də bədən tərbiyəsi və idmanın ölkəmizin bütün regionlarında kütləvi xarakter almasıdır. Buna nail olmaq üçün müxtəlif bölgələrdə Olimpiya İdman kompleksləri, idman qurğuları və stadionlar tikilir. Belə nəhəng idman qurğularından biri də Ağcabədidə inşa olunub. Ağcabədi Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkə idmançılarının ixtiyarına verilən sayca 42-ci Olimpiya İdman Kompleksidir.
Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Elə bu məqsədlə də 17.12.2017-ci il tarixdə Ağcabədi Olimpiya İdman Kompleksində kütləvi qaçış keçirildi.Qaçışın əsas məqsədi rayonda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
90 dəqiqə davam edən tədbirdə rayon rəhbərliyi ,hüquq-mühafizə orqanlarının , idarə-müəssisə və təşkilatların rəhbərləri,ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişdir.