“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir
Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli ömür yolundan bəhs edən “Əsrlərə bərabər ömür” adlı mühazirə oxundu. Məruzəçi qeyd etdi ki, dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər. Ancaq ulu öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir. İlk olaraq o, öz həyatının, ömrünün tarixini yaradıb. Əgər ulu öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi, özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, o ümumxalq məhəbbəti qazanıb, bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi. Heydər Əliyevin şəxsi həyatı, uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələr qətiyyətlə dəf edilməsəydi sonrakı zamanların uğurları qazanılmazdı. Diskussiya şəklində davam edən tədbirdə şagirdlər xüsusi fəallığı ilə diqqəti cəlb etdilər. Sonda şagirdlər Mərkəz əməkdaşları tərəfindən hazırlanmış “Tarixlərə Sığmayan Ömür” adlı səyyar sərgi ilə yaxından tanış oldu.