Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar silsilə tədbirlər davam edir.
07 dekabr 2017-ci il tarixdə Ağcabədi Rayon Təhsil Şöbəsində Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Anım günü ilə əlaqədar konfrans keçirilib. Ağcabədi Rayon Heydər Əliyev Mərkəzi, Ağcabədi Rayon Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Ağcabədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Ağcabədi Rayon Təhsil Şöbəsinin müdir müavini Əfrasiyab Məmmədov açaraq Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı əvəzsiz xidmətlərindən, ölkəyə rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən etibarən gördüyü işlərdən ətraflı məlumat verdi.
Daha sonra Ağcabədi şəhər 9 saylı tam orta məktəbin direktoru Rizvan Quliyev, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova, Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Yeni Azərbaycan Partiyası Ağcabədi Rayon Təşkilatının təlimatçısı Ramil Nağıyev çıxış edərək dahi liderin ömür yoluna ətraflı nəzər salaraq vurğulamışlar ki, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf etmiş, dünya birliyi ölkələri arasında özünə layiqli yer tutmuşdur.