Yaponiya hökumətinin dəstəyi ilə Ağcabədi rayonunun Kəbirli kəndində tibb məntəqəsi tikiləcək
07.12.2017-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin binasında Yaponiya hökumətinin Azərbaycan Respublikasındakı Səfirliyi ilə "İnkişaf -2006" Sosial Dəstək İctimai Birliyi arasında "Kəbirli kəndində tibbi xidmətin yaxşılaşdırılması" adlı layihənin imzalanma mərasimi keçirilib.Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qonaqları salamladıqdan sonra həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Bildirib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Ağcabədi rayonunda 6 layihə həyata keçirib və bu, artıq 7-ci layihədir.Diqqətə çatdırılıb ki, səhiyyə sahəsi ilə bağlı olan layihənin başlıca məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Layihə çərçivəsində Kəbirli kəndində yeni tibb məntəqəsi inşa ediləcək və Ağcabədi Rayon Mərkəzi Xəstəxanası tərəfindən avadanlıqlara təchiz olunacaq. Tibb məntəqəsindən Kəbirli və ətraf kəndlərdə yaşayan yeddi min sakin istifadə edəcək.Sonra səfir Teruyuki Katori və “İnkişaf-2016” Sosial Dəstək İctimai Birliyinin icraçı direktoru Füzuli Abıyev layihə üzrə qrant müqaviləsini imzalayıblar. Tikiləcək yeni tibb məntəqəsi stomatoloji kabinet, vaksinasiya, ginekoloji, ilk tibbi xidmət və həkim otaqlarından ibarət olacaq.