Ağcabədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilmişdir.
3 dekabr 2017-ci il tarixdə Ağcabədi rayonu Gənclər Mərkəzində “ 3 dekabr - Beynəlxalq Əlillər Günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon Icra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov, rayonun bir sıra hökumət nümayəndələri və təhsil müəssisələrinin rəhbərləri iştirak etmişdir. Tədbirdə çıxış edən rayon Icra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov bildirdi ki, bu gün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Məhz ilk dəfə Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilən bu tarix hər il BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlərlə qeyd olunur. Eləcə də bizdə də bu tarix qeyd olunur, əlillərə diqqət və qayğı hər zaman vacib məsələlərdən biri sayılır. Məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsi, onların rifahının yüksəldilməsi,əlil insanlara qarşı daim diqqət və qayğı göstərmək sadəcə dövlətin deyil, bir vətəndaş kimi, bir insan kimi bizim də borcumuzdur. Əlillərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə dövlət maraqlı olduğu kimi, imkanlı şəxslər də əlillikdən əziyyət çəkən insanlar xüsusən də körpələr üçün öz xeyirxahlıqlarını əsirgəməməlidir. Unutmayaq, hər kəs potensial əlildir, heç birimiz bu cəhətdən sığortalanmamışıq.
Rayon Icra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov Azərbaycanda, həmçinin rayonda əhalinin aztəminatlı hissəsi, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan insanlara yönəlmiş dövlət siyasətindən, görülən işlərdən və həyata keçirilən layihələrdən danışmış və qeyd etmişdir ki, bu uğurlu və davamlı sosial siyasət ölkə başçısı möhtərəm cənab Prezident İlham Əliyevin şəxsi diqqət və qayğısı əsasında mümkün olmuşdur. Natiq bir daha tədbir iştirakçılarının bayramını təbrik etmiş və bildirmişdir ki, dövlətimiz hər zaman əlillərə qarşı diqqət və qayğısını əsirgəmir, onların problemlərini həll etmək üçün həyata keçirdikləri tədbirlərlə həm maddi, həm də mənəvi dəstəkləri ilə yardımcı olurlar.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi tərəfindən əlillərə maddi yardım edildi və bayram tədbiri Rayon Mədəniyyət evinin hazırladığı bayram konserti ilə davam etdirildi.