Tur-aksiya: Ağcabədi məktəbliləri Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Ağcabədi məktəblilərinin də Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başlayıb. Məktəblilərlə keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək, layihənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulayıblar. Qeyd edilib ki, tur-aksiyanın başlıca məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaq, Azərbaycan tarixini, mədəniyyətini, ayrı-ayrı bölgələrin adət-ənənələrini dərindən öyrətmək və gənclərdə milli-mənəvi dəyərlərə hörmət aşılamaqdır.
Diqqətə çatdırılıb ki, məktəbliləri 4 gün ərzində ölkəmizin şimal rayonlarında çox maraqlı ekskursiyalar gözləyir. Onlar Quba rayonunda Cümə məscidi, Soyqırımı Memorial kompleksi, Xalçaçılıq emalatxanası, Tağlı Körpü, Qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, Xaçmaz rayonunda isə Xalça və “Şəxsiyyətlər muzeyinə", Çənlibel parkına ekskursiya edəcəklər. Ağcabədi şəhərinin mərkəzi meydanında keçirilən yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri və valideynlər məktəblilərə tövsiyələrini verib, “yaxşı yol” arzulayıblar.