Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilib.
18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə 17 oktyabr 2017-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa tədbir iştirakçılarını Müstəqillik Günü ilə münasibətilə təbrik edərək bildirib ki, 18 oktyabr tarixi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Məhz 26 il öncə bu tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuş və bu mühüm sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmuşdu.
Sonra Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizlə bağlı söylədiyi fikirlərdən ibarət video-çarx nümayiş olundu.
Daha sonra Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Leyla Səfərova “Müstəqilliyə aparan yol” adlı məruzə ilə çıxış etdi. Məruzə ətradında YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçisi Ramil Nağıyev, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Azər Əliyev, Ağcabədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədova çıxış edərək Azərbaycanın müstəqillik tarixinə nəzər saldılar.
Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin üzvləri Elgün Quliyevin və Heydər Məmmədovun vətənpərvərlik mövzusunda söylədiyi şeirlər tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Tədbirdə həmçinin Gənclər üçün Təhsil Mərkəzinin könüllüsü Şahlar Məmmədovun bədii rəhbərliyi ilə “Qarabağ” instrumental ansamblı da iştirak edirdi. Gənclərin ifasında səslənən, vətənə və bayrağa həsr olunmuş bir-birindən gözəl musiqilər tədbirə xüsusi rəng qatdı.