Ağcabədidə YAP-ın 25 illik yubiley tədbirləri davam edir.
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının 6 saylı ərazi təşkilatında YAP-ın 25 illiyi münasibəti ilə tədbir kecirilmişdir. Tədbiri YAP ərazi ilk təşkilatının sədri Əli Bədəlov acıq elan etmiş və Azərbaycan dövlət himni səsləndirilmişdir.
Təşkilat sədri Əli Bədəlov giriş sözü ilə çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar.
Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Konfransda Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxdı. Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, hazırda ümumxalq partiyasına çevrilmişdir.
Tədbirdə 6 saylı tam orta məktəbin direktoru, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Nərminə Əkbərova çıxış edərək qeyd etdi ki, YAP-ın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O vaxtdan bu günə qədər Azərbaycan yalnız inkişaf yolu ilə addımlayır. Ölkəmizdə çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Ölkənin xarici siyasəti nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Tədbirdə YAP üzvləri Kəmalə Quliyeva, Rövşən Əhmədov çıxış edərək YAP-ın yaranması, inkişafı, ölkənin ictimai-siyasi həyatında oynadıqları rol barədə öz fikirlərini bildirdilər və Yeni Azərbaycan Partiyasının üzvləri olmaqdan qürur duyduqlarını diqqətə çatdırdılar.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçisi, YAP Ağcabədi rayon təşkilatının idarə heyətinin üzvü Ramil Nağıyev çıxış edərək, YAP-ın 25 illik yubileyi münasibətilə siyasi həmfikirlərini təbrik etdi və gələcək fəaliyyətlərində onlara uğurlar arzuladı.