“İrəvan: gizlədilmiş həqiqətlər” filminin Ağcabədi rayon Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirildi.
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın müvafiq bəndinə əsasən yaradılmış “Virtual Qarabağ” İKT Mərkəzinin istehsal etdiyi “İrəvan: gizlədilmiş həqiqətlər” filminin Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə açıq elan edildi.
Tədbiri giriş sözü ilə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva açaraq rayon icra hakimiyyəti adından qonaqları salamladı və Ağcabədi rayonunda nümayiş olunan bu tarixi sənədli filmin böyüməkdə olan nəslin marifləndirilməsində mükəmməl vasitə olduğunu bildirdi.
Tədbirin təşkilatçısı Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Virtual Qarabağ İKT Mərkəzi tərəfindən hazırlanan filmlərin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rola malik olduğunu bildirdi. Tarixi mənbələr və ciddi faktlar əsasında hazırlanan “İrəvan” filminin, eləcə də digər məhsulların belə böyük salonlarda təqdimatlatının keçirilməsinin region gənclərinin Azərbaycanın gizlədilmiş tarixinin öyrənilməsində xüsusi əhəmiyyət daşıdığını bildirdi.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri, Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, Virtual Qarabağ İKT Mərkəzinin koordinatoru Nurəddin Mehdiyev Mərkəzin fəaliyyəti, istehsal etdiyi məhsullar: filmlər, tədbirlər, saytlar və s. haqqında məlumat verdi. Mərkəzin gələcək planları haqqında fikirlərini bölüşdü. “İrəvan: gizlədilmiş həqiqətlər” filminin Azərbaycanın həqiqi tarixinin aşkara çıxarılmasında və böyüməkdə olan gənc nəslin maarifləndirilməsindəki əhəmyyətindən danışdı.
“İrəvan: gizlədilmiş həqiqətlər” filminin nümayişi ilə tədbir başa çatdı.