“Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir”
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam Həmrəyliyi ili”nə və 15 sentyabr - Bilik Gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda Bilik Fondunun lektorlar qrupunun üzvləri olan tanınmış elm xadimləri, deputatlar, jurnalistlər, fondun yerlərdəki nümayəndələrinin ölkənin müxtəlif elm-təhsil müəssisələrində mühazirələri və maarifləndirici görüşləri təşkil olunub.
Ağcabədi Pedaqoji Kollecində Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun əməkdaşı Mətləb Mahmudov tələbələrlə görüşündə İslam həmrəyliyi ideyası, Azərbaycandakı multikultural ənənələr, formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat verib. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının tələbinə uyğun olaraq keçirilən tədbirlərin mahiyyətindən danışan qonaq dini radikalizmə və ekstremizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolunu diqqətə çatdırıb.
Görüşdə Ulu Öndər Heydər Əliyevin İslam həmrəyliyi ideyasının banisi olduğu tarixi faktlar əsasında vurğulanıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə daim dindarların problemləri ilə maraqlanıb, dövlət – din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində böyük işlər görüb, xarici siyasətdə İslam amilinə xüsusi önəm verib. Çıxışçı cənab Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı çağırışının Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü İslam birliyi ideyasının məntiqi davamı olduğunu söyləyib.
Azərbaycan dövlətinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını möhtəşəm təşkil etdiyini deyən mühazirəçi bildirib ki, müxtəlif sivilizasiyaları idman yarışları ətrafında birləşdirməsi nəticəsində “Gücümüz həmrəylikdədir” devizi altında keçirilən oyunlar dünyanın, xüsusən, İslam ölkələrinin böyük rəğbətinə səbəb olub. Xarici qonaqlar ölkəmizdən dostluq, həmrəylik mesajları ilə ayrılıblar.