Ağgöl Milli Parkı
Kür-Araz Ovalığının Mil Düzənliyi, Kür çayının sağ sahili boyu ərazidə yerləşən gölə Ağ göl adı çox güman ki, yüksək şoranlığa malik olan dayaz su-bataqlıq ərazisinin yay mövsümündə quruması, duz qatının üzə çıxması və uzaqdan ağararaq ağ səth effekti yaratması nəticəsində verilmişdir. Həqiqətən qızmar yay aylarında ərazinin müəyyən hissəsi uzaqdan ağ örpəyi xatırladır. Ərazinin qocaman sakinlərinin sözlərinə görə əvvəllər yerli sakinlər yay vaxtı buradan xörək duz hasil edirlərmiş.
Ağcabədi və Beyləqan inzibati rayonları ərazisində yerləşən Ağgöl Milli Parkını mütəxəssislər haqlı olaraq "ornitoloji oazis" hesab edir. Bu ərazi bir sıra nadir və nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının həm qışlama, həm də yuvalama yerləridir. Təbiət Qoruğunun yaradılmasında əsas məqsəd Ağgöl və onun ətraf ərazilərində məskunlaşan yerli və köçəri su-bataqlıq quşlarının, xüsusilə, məməli heyvanların və onların yaşayış yerlərinin (biotoplarını) davamlı inkişafını təmin etməkdən ibarətdir. Ümumilikdə 500 mindən çox quşun qışladığı bu ərazidə 140 növdən çox quş məskunlaşır, 87 növ quş yumurta qoyaraq bala verir. Burada rast gəlinən quşların 30 növünün adı "Azərbaycanın Qırmızı Kitabı"na salınmışdır.
İlk öncə 1964-cü ildə 9173 ha sahədə yaradılmış yasaqlıq quşların və onların yaşayış yerlərinin təhlükəsizliyinin təmin etmədiyindən 1978-ci ildə yasaqlığın 4400 ha sahəyə malik olan göl akvatoriyası qoruq elan edilmiş, 1987-ci ildə qoruq sahəsi daha 782 ha artırılmışdır[1]. 2003-cü il 5 iyul tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğununsahəsi 17924 hektara qədər genişləndirilib və ona Milli Park statusu verilib. Eyni zamanda Ağ göl, böyük və kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il 25 may tarixindən "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar siyahısı"na daxil edilib.Həmçinin, Ağ Göl Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na və quşların məskunlaşması ilə bağlı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilib