Şriftin ölçüsü :

Saytın rəngi :

Antik və orta əsr şəhər məskəni Qalatəpədə arxeoloji tədqiqatlar davam etdirilir

22 avqust 2017 | 11:00

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya institutunun Mil-Qarabağ ekspedisiyası 2017-ci ilin yayında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib. Bir ay davam edən kəşfiyyat-axtarış işləri zamanı əsas diqqət abidənin orta əsr təbəqəsinin tədqiqinə yönəlib. Eyni zamanda, son illər təsərrüfat işlərinin xeyli genişləndiyi Mil düzü və Qarqarçay hövzəsindəki müxtəlif tarixi dövrlərə aid yaşayış məskənlərinin vəziyyəti nəzərdən keçirilib.
AMEA Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyası Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev bildirib ki, Qarabağ düzündə - Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə şəhər məskənində araşdırmalar 2008-ci ildən aparılır. İlk illərdə 300 kvadratmetr sahəni əhatə edən I qazıntı sahəsində on metrə yaxın qalınlığı olan mədəni təbəqə öyrənilib. Burada orta əsrlərə aid bişmiş kərpicdən tikili qalıqları və antik dövrə aid çiy kərpicdən möhtəşəm müdafiə sədlərinin bir hissəsi açılıb. Abidənin yaxınlığındakı küp və torpaq qəbirlərdən ibarət nekropoldan əldə edilən arxeoloji materiallar Qalatəpə yaşayış məskəninin antik dövr təbəqəsinin tədqiqində mühüm rol oynayır.
2013-cü ildən I qazıntı sahəsindən cənubda, II qazıntı sahəsində – 200 kvadratmetr sahəni əhatə edən 8 kvadratda qazıntı işləri aparılır. Burada 1,6 metrə yaxın qalınlığında mədəni təbəqə öyrənilib. Orta əsrlərə aid bişmiş və çiy kərpicdən tikili qalıqları, təsərrüfat quyuları, təndir qurğuları, ocaq yerləri açılıb, şirli və şirsiz saxsı məmulatı, daşdan əmək alətləri, şüşə və dəmir əşyalar əldə edilib.
2017-ci ilin çöl tədqiqat mövsümündə Qalatəpənin orta əsr təbəqələri arasında keçidi və əlaqələri öyrənmək məqsədilə II qazıntı sahəsində yeni – 9-cu kvadratda (D3) arxeoloji qazıntılara başlanılıb. Araşdırma zamanı 0,4-0,7 metr dərinlikdə yerləşən mədəni qatdan XI-XIII əsrin əvvəllərinə aid tikili qalıqları, çay daşından əmək alətləri, saxsı qab nümunələri aşkar edilib. Əvvəlki illərdə olduğu kimi, builki tədqiqatların gedişində də eyni dərinlikdə (0,4-0,7 metr) yerləşən mədəni təbəqədən bütöv halda maddi mədəniyyət nümunələrinə təsadüf olunması (məsələn, saxsı çıraq, şirli duz qabı, bardaq və s.) bu şəhər məskənində həyatın monqolların ilk hücumlarından sonra sönməsi haqqındakı fikri bir daha möhkəmlədir. Bəhs olunan təbəqədən altda isə IX-X əsrlər üçün səciyyəvi olan saxsı fraqmentlərinə rast gəlinib. Bu dövrə aid şirli qabların bədii tərtibatında anqob çəkilərək marqansla canlandırma və ya əksinə olan üsul geniş yayılıb. Eyni zamanda, saxsı qabların üzəri marqansla naxışlanıb şəffaf qurğuşun şiri ilə şirələnirdi. Naxış motivləri arasında həndəsi ornamentlərə (düz və ya qövsvari zolaqlar, dairələr, çərxi-fələk təsvirləri və s.) tez-tez rast gəlinir.
D3 kvadratında qazıntı işləri 1,2 metr dərinliyə qədər davam etdirilib. Qalatəpədə aparılan tədqiqatlar göstərir ki, bu təbəqədən altdakı mədəni laylarda artıq şirli keramikaya təsadüf olunmur və həmin laylar üçün erkən orta əsrlərə və antik dövrə aid saxsı məmulatı səciyyəvidir.
Arxeoloq qeyd edib ki, Qalatəpə şəhər yerindən və nekropolundan əldə olunan artefaktlar qədim Azərbaycan dövləti olmuş Albaniyanın Ayniana (və ya Enian) şəhəri haqqında antik yunan coğrafiyaşünası Strabonun verdiyi məlumatı (“...deyirlər aynianlar Utiyada hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır”) qismən də olsa təsdiq edir. “Hələ e.ə. III-II əsrlərdə meydana gələn bu şəhərdə məhz Strabonun yaşadığı zaman – e.ə. I əsrdə və b.e.-nın əvvəllərində daha gur həyat olmuş, memarlıq, sənətkarlıq, qonşu regionlarla, o cümlədən Roma imperiyası və onun əyalətləri ilə mədəni-iqtisadi, ticarət əlaqələri yüksək inkişaf etmişdir. Lakin erkən orta əsrlərdə Sasani-Roma, Sasani-Bizans, Sasani-Ərəb və Ərəb-Xəzər müharibələri gedişində döyüş meydanı olan Mil-Qarabağ düzündə, o cümlədən qədim Ayniana şəhərində həyat ritmi pozulmuşdur. Çox güman ki, X əsr ərəb səyyahı Əbu Dulfin bəhs etdiyi Balasaqun düzündəki minlərlə atılmış kənd və qalalar da həmin müharibələrin qurbanı olmuşdur. VIII-IX əsrlərdən başlayaraq ərəb müəlliflərinin əsərlərində tez-tez Beyləqan və Bərdə şəhərlərinin arasında “Yunan” adlı şəhər xatırlanır. IX-X əsrlərdə – Xilafətin tənəzzülü zamanı bu şəhər yenidən canlanmış, XI-XII əsrlərdə yüksəliş dövrünü yaşamış, lakin XIII əsrin əvvəllərində monqol yürüşləri nəticəsində süquta uğramışdır. Son illər Qalatəpə şəhər yerində aparılan arxeoloji qazıntılar belə nəticə çıxarmağa əsas verir”, – deyə Təvəkkül Əliyev bildirib.

Keçidlər