Şriftin ölçüsü :

Saytın rəngi :

RİİB-in dəstəyi ilə onkoloji xəstəliklərlə bağlı pulsuz tibbi müayinə keçirilib

03 iyul 2017 | 11:00

İyulun 3-dən 7-dək Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin həkim briqadası Ağcabədi rayonunda onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinə təşkil edib.
“Erkən müayinə, Sağlam həyat” devizi ilə aparılan aksiya Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələri Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin başçılıq etdiyi 14 nəfərlik həkim briqadası aparıb.
RİİB nümayəndələri və könüllüləri Ağcabədi rayonunda, o cümlədən rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tibbi müayinələrə ehtiyacı olan şəxslərlə fərdi görüşlər keçirib və onların layihədə iştirakını təşkil ediblər.
Layihə müddətində Ağcabədi və Beyləqan rayonları üzrə 1500-ə yaxın sakin qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, abdominal onkoloji, döşqəfəsinin rentgenoskopiyası, süd vəzlərinin mammoqrafiyası və digər müayinələrdən keçib.
Müayinələr müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin Ağcabədi Mərkəzi Xəstəxanası tərəfindən aparılıb.
Müayinələr zamanı bir sıra şəxslərdə şişönü və şiş xəstəlikləri aşkar olunub, bu xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də yerində məsləhətlər verilib.
Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaqdır.
Tibbi müayinələrin respublikanın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.

 

Keçidlər