01 İyun – Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilmişdir.
01 iyun 2013-cü il tarixdə saat 11:00–da Ağcabədi şəhəri Ü. Hacıbəyli adına İncəsənət məktəbinin zalında 01 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayonun bütün məktəbəqədər təhsil müəssisələrinin uşaqları üçün əyləncəli tədbir keçirilmişdir.
Tədbir başlamamışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, uşaqlar səhnəyə daxil olaraq, qonaqları salamlamışlar. Daha sonra Şəhər İncəsənət Məktəbinin kollektivinin hazırladıqları konsert proqramı uşaqlara nümayiş olunmuş və uşaqların böyük sevincinə səbəb olmuşdur.
Hazırlanan konsert proqramında balaca fidanlar tərəfindən “Cücələrim”, “Vals” , miili rəqslərimizdən “Turacı”, “Qaytağı” və “ hind”, “ ərəb” rəqsləri oynanmış və uşaqlara həsr olunmuş mahnılar ifa olunmuşdur. Bununla yanaşı, “ Tık–tık xanım”, “ Cırtdan” və digər səhnəciklər balaca fidanlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirin sonunda Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev uşaqları bu bayram münasibəti ilə təbrik etmiş və qədəm qoyduqları yeni həyatda onlara uğurlar, vətənə, cəmiyyətə, dövlətə layiqli vətəndaş kimi formalaşmağı arzulamış və bildirmişdilər ki, hər bir uşağa qayğı göstərmək bir başa olaraq o cəmiyyətdə yaşayıb yaradan hər bir fərdin əsas vəzifəsidir. Biz valideynlərin, biz müəllimələrin ən böyük borcudur ki, onların öz həyat yollarını düz seçməkdə , sevdiyi peşəyə yönəltməkdə ən böyük dəstəkçisi olmalıyıq. Çünki uşaqlar dünyada xoşbəxt, sağlam və qorxusuz yaşamalıdır.
Natiqlər çıxışlarının sonunda hər zaman Ulu Öndər Heydər Əliyev tərəfindən gələcəyimiz olan uşaqlara göstərilən diqqət, qayğı cənab Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam olunduğunu qeyd etdilər.
Yekunda Şəhər İncəsənət Məktəbinin kollektivi uşaqlara,qonaqlara və valideynlərə öz təşəkkürünü bildirmiş və tədbirdə gələcəyimiz olan körpələrə, uşaqlara hədiyyələrin və bəzi uşaqlara Şəhər İncəsənət Məktəbi tərəfindən fəxri fərmanın verilməsi ilə başa çatmışdır.
Tədbirdə 350 nəfər iştirak etmişdir .