Ağcabədi rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir
17 iyul 2017 | 11:00
İyulun 14-ü Y.Məmmədov adına Mədəniyyət Mərkəzində Ağcabədi rayonunda 2017-ci ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda rayon İcra Hakimiyyəti Başçısı yanında Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, uşaq bağçalarının müdirləri, rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, YAP Ağcabədi rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri, sahibkarlar və fermerlər iştirak etmişdir.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda aparılan abadlıq-quruculuq işləri daha da sürətlənmiş, yeni iş yerləri açılmış, sahibkarlıq fəaliyyəti genişlənmişdir.
2017-ci ilin birinci yarısında Yuxarı Qiyaməddinli kənd Alı Mustafayev adına 360 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri və yeni 640 şagird yerlik tam orta məktəbin tikintisi başa çatmış, istifadəyə verilmişdir. Həmçinin Aran kənd 35 yerlik 1 saylı körpələr evi-uşaq bağçası və Ağcabədi Elektrik şəbəkəsinin yeni inzibati binası da istifadəyə verilmişdir.
Hal-hazırda Ağcabədi rayonu Hacılar kəndində Elşən Rüstəmov adına 200 şagird yerlik tam orta məktəbin əsaslı təmiri, gücləndirilməsi və bərpası işləri, həmçinin Ağcabədi Olimpiya İdman Kompleksində tikinti davam etdirilir. Bundan başqa rayon ərazisində “Atcılıq Kompleksində” də tikinti işləri davam etdirilməkdədir.
Daha sonra rayon İcra Hakimiyyətinin Başçısı çıxışında qeyd etmişdir ki, 2017-ci ilin birinci yarısında rayonda 2018 yeni iş yeri açılmışdır. Onlardan da 1056-ı daimi iş yeridir.
2017-ci ilin birinci yarısında rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 46.4% faiz artmışdır. Bundan başqa 2017-ci ilin birinci yarısında rayonda əsas kapitala yönəldilmiş investisiyanın məbləği 54.859,1 min manat olmuş və bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artmışdır.
Natiq çıxışının sonunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 12 iyul 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasındakı nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik, uğurlu gələcəyə doğru inamla addımlayacayıq.