Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd tam orta məktəbinin binasının açılış mərasimi olmuşdur.
14.06.2017-ci il tarixdə Ağcabədi rayonunda Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin sifarişi əsasında tikilən Alı Mustafayev adına Yuxarı Qiyaməddinli kənd tam orta məktəbinin binasının açılış mərasimi olmuşdur.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov,Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin bаş dirеktоru,Azərbaycan Respublikasının əməkdar mühəndisi Əli Məmmədov , filologiya elmləri doktoru , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru , AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli,Bakı şəhər kliniki tibb mərkəzinin 1-ci cərrahi şöbənin müdürü Nazim Həsənov,anistezialogiya şöbəsinin müdürü Nizami Hacıyev, tibb elmləri doktoru Bəxtiyar Musayev ,hüquq mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Alı Mustafayev adına Yuxarı Qiyaməddinli kənd tam orta məktəbin binası iki korpusdan ibarət olmuşdur. 1-ci korpus 1973-cü ildə, 2-ci korpus 2004-cü ildə inşa edilmişdir. Məktəbdə 31 sinif komplektində 621 şagirdin təlim-tərbiyəsi ilə 53 pedaqoji işçi, 28 texniki işçi məşğul olur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin bаş dirеktоru,Azərbaycan Respublikasının əməkdar mühəndisi Əli Məmmədov məlumat verərək bildirdi ki, məktəb 2016-2017-ci ildə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin sifarişi əsasında “Kapital” MMC –nin layihəsi üzrə “ TTŞ ” MMC podratçı təşkilatı tərəfindən üç mərtəbəli-tikintialtı sahəsi:
A bloku - 504 m2 -əsaslı təmir, B və C bloku ümumilikdə 2717 m2 olan 640 şagird yerlik yeni məktəb binası tikilmişdir.Məktəb ən müasir inventar və avadanlıqlarla təmin olunmuş, həyətində abadlıq işləri aparılmışdır.
Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov öncə məktəbin şagird və müəllim kollektivini yeni məktəb binasının açılışı münasibəti ilə təbrik etdi. Natiq qeyd etdi ki, Azərbaycan son dövrlər qazandığı uğurlarla, gördüyü işlər öz sözünü dünyada deyən güclü bir dövlətdir. Azərbaycanın Ulu Öndər Heydər Əliyev tərəfindən uğurla əsası qoyulan inkişaf strategiyası cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın inkişafı təkcə beynəlxalq arenada deyil, regionlarda aparılan yenidənqurmalarla özünü bürizə verir. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon rəhbəri qeyd etdi ki, cənab Prezident İlham Əliyevin gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır. Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən məktəb binalarının tikintisi,əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir.
Çıxış edən digər natiqlər hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından , həm də məktəbin müəllim və şagird kollektivi adından dərin minnətdarlıqlarını bildirdilər. Daha sonra məktəb binasına baxış oldu .